"İctimai yerlərdə təhqir və fiziki zorakılıq uşaqların psixologiyasında dərin travmalar yaradır" - PSİXOLOQ
"Bir insanın başqa bir insan tərəfindən başqalarının yanında təhqir olunması, alçaldılması və döyülməsi, əlbəttə ki, bullinq və mənəvi zorakılıqdır. Bu, insanın şəxsiyyətinə, şərəf və ləyaqətinə qarşı yönəlmiş ən ciddi mənfi davranışlardan biridir".
Bu fikirləri psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzən valideynlər öz uşaqlarını başqalarının yanında danlaya, təhqir edə, onlara qarşı yanlış ifadələr işlədə bilirlər:
"Bunu isə uşaqlarını tərbiyə etmək kimi qiymətləndirirlər. Halbuki uşağı üçüncü şəxslərin yanında danlamaq və alçaltmaq onun şəxsiyyətinə toxunur, özünəinamına ciddi zərbə vurur. Bu cür davranışlar gələcəkdə travmalar yaşayan, cəmiyyətdən uzaqlaşan və ya əksinə, aqressivləşən uşaqların formalaşmasına səbəb ola bilər.
Ümumiyyətlə, bir insanın başqa biri tərəfindən, xüsusilə də ictimai şəkildə döyülməsi onun həyatında dərin psixoloji travmalar yarada bilər. Belə insan bəzən özünü əzilmiş hiss edir və yaşadığı hadisənin yaratdığı psixoloji yükün öhdəsindən gələ bilmir. Bəzən həyata olan inamını itirir, bəzən isə əksinə, daxilində böyük qəzəb formalaşır və başqalarının həyatına zərər vurmağa, onların həyatını məhv etməyə çalışır. Nəticədə aqressiv davranışlar sərgiləyə bilər.
Düşünürəm ki, ümumiyyətlə, bullinq məsələsinə çox ciddi yanaşılmalıdır. Həm məktəblərdə, həm də ailələrdə zorakılığın qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Çünki zorakılığın bir çox forması məhz ailədən başlayır. Uşaqların bir-biri ilə münasibətlərində, eləcə də müəllim-şagird münasibətlərində bu məsələyə xüsusi həssaslıqla yanaşılmalıdır. Uşaqlar, yeniyetmələr və gənclər zorakılıqdan qorunmalı, onların psixoloji və mənəvi təhlükəsizliyi təmin edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB