“ASAN xidmət” modelinin ərəb ölkələrində təşviqi üçün memorandum imzalanıb - Baş katibinin müavini
Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin keyfiyyətinin artırılması və dövlət institutlarına ictimai etimadın gücləndirilməsi baxımından əhəmiyyətli təcrübədir. Bu təcrübənin digər ölkələrdə də təşviqi üçün yeni əməkdaşlıq imkanları yaranır.
SİA xəbər verir ki, bunu BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCWA) Baş katibinin müavini və İcraçı katibi Rania A. Əl-Məşat Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, ilk növbədə, Azərbaycanı və “ASAN xidmət” rəhbərliyini BMT və bir sıra ölkələrlə səmərəli əməkdaşlığa, innovasiya və dövlət xidmətlərinin idarə olunması sahəsində təcrübənin beynəlxalq miqyasda təşviqinə verdikləri töhfələrə görə təbrik edib.
Rania A. Əl-Məşat bildirib ki, dünyada dövlətə ictimai etimadın azaldığı bir dövrdə xidmətlərin vətəndaşlara keyfiyyətli şəkildə təqdim edilməsi və dövlət institutlarına inamın artırılması xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, rəhbərlik etdiyi UN ESCWA BMT-nin ərəb regionu üzrə regional komissiyasıdır. Bu gün “ASAN xidmət” və Dövlət Agentliyinin rəhbərliyi ilə anlaşma memorandumu imzalanıb. Memorandumun Yaxın Şərq, xüsusilə ərəb ölkələri ilə əməkdaşlığın inkişafına imkan yaradacağını vurğulayıb.
Onun sözlərinə görə, sənəd Azərbaycan təcrübəsinin digər ölkələrdə təşviqinə və dövlət xidmətlərinin göstərilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində azərbaycanlı həmkarlarla əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.
İcraçı katib dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dövlət idarəçiliyində səmərəli mexanizmlərin qurulmasının da vacibliyini diqqətə çatdırıb.
O, çıxışında münaqişə vəziyyətində olan ölkələrə də toxunduğunu xatırladaraq bildirib ki, belə ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və inklüziv iqtisadi artımın təmin olunması üçün dövlət institutlarının səmərəli fəaliyyəti mühüm şərtdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB