Yeni Azərbaycan Partiyası – güclü dövlətin, qalib xalqın siyasi dayağı

Yeni Azərbaycan Partiyası – güclü dövlətin, qalib xalqın siyasi dayağı

1992-ci il noyabrın 21-də Azərbaycanın ictimai-siyasi tarixində mühüm hadisə baş verdi. Ölkənin mürəkkəb və taleyüklü bir dövründə xalqın təkidli tələbi və ziyalıların təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə xalqın böyük dəstəyini qazanaraq Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrildi. Bu gün partiyanın təsis edilməsinin 34-cü ildönümü onun keçdiyi zəngin tarixi yolun, qazandığı uğurların və dövlətçiliyimizin inkişafındakı mühüm rolunun təcəssümüdür. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, ölkədə siyasi qeyri-sabitliyin və idarəçilik böhranının hökm sürdüyü bir dövrə təsadüf edirdi. Belə bir şəraitdə xalq ölkəni böhrandan çıxara biləcək, dövlətçiliyi qoruyacaq və müstəqilliyi möhkəmləndirəcək güclü liderə ehtiyac duyurdu. Məhz Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyətli mövqeyi ətrafında birləşən insanlar Yeni Azərbaycan Partiyasını təsis etməklə ölkənin gələcəyinə yeni istiqamət verdilər. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici dönüş nöqtəsi oldu. Ölkədə siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, müstəqil Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsindən xilas olaraq davamlı inkişaf yoluna qədəm qoydu. Yeni Azərbaycan Partiyası isə bu tarixi prosesdə dövlətçilik maraqlarını və milli həmrəyliyi öz fəaliyyətinin əsas istiqamətinə çevirərək cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu. 2005-ci ildə cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi partiyanın siyasi varislik prinsipinə sadiqliyini və inkişaf strategiyasının davamlılığını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi, siyasi və sosial sahələrdə böyük nailiyyətlər əldə etdi, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir infrastrukturun yaradılması, ordu quruculuğunun gücləndirilməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın qüdrətini daha da artırdı. Bu inkişaf yolunun ən möhtəşəm nəticəsi isə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz bütün ərazilərimizdə tam təmin olundu. Bu tarixi hadisələr Azərbaycanın güclü dövlət, xalqımızın isə sarsılmaz birlik nümayiş etdirdiyini bütün dünyaya sübut etdi. Qazanılan Zəfər Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsi kimi tarixə yazıldı. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının həyata keçirilməsi Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur, yeni yaşayış məntəqələri və sosial obyektlər dövlətimizin gələcəyə hesablanmış siyasətinin real nəticələridir. Yeni Azərbaycan Partiyası da bu tarixi proseslərin fəal iştirakçısı olaraq öz siyasi nüfuzunu və təşkilati gücünü daim artırır. Partiyanın sıralarında müxtəlif yaş və peşə qruplarından olan insanların, xüsusilə gənclərin birləşməsi onun ictimai dayaqlarını daha da möhkəmləndirir. Dövlətçilik ideyalarının təbliği, milli həmrəyliyin gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması partiyanın əsas fəaliyyət istiqamətlərindəndir. 2021-ci ildə keçirilən VII qurultayda qəbul edilən qərarlar da partiyanın müasir dövrün tələblərinə uyğun yenilənməsinə və təşkilati fəaliyyətinin gücləndirilməsinə xidmət etdi. Bu gün Yeni Azərbaycan Partiyasının siyasi gücü onun xalqla birliyində, milli maraqlara sədaqətində və ölkənin inkişafı naminə həyata keçirilən proseslərdə fəal iştirakında təzahür edir. Partiya yarandığı gündən etibarən dövlətçilik maraqlarını əsas tutaraq Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin strateji hədəflərinin reallaşdırılmasına töhfə verir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi, əslində, müasir Azərbaycanın dövlətçilik salnaməsinin mühüm bir hissəsidir. Bu tarix xalqın inamı, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan xalqının birliyi ilə yazılıb. Əsası böyük siyasi zərurətdən qoyulan partiya bu gün qalib, suveren və qüdrətli Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi öz fəaliyyətini inamla davam etdirir. 34 il əvvəl xalqın inamı ilə yaranan Yeni Azərbaycan Partiyası bu gün qalib Azərbaycanın siyasi dayağı, milli həmrəyliyin və dövlətçilik ideyalarının aparıcı qüvvəsidir.

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə