"Ermənistanın səmimiyyəti itkin düşmüş azərbaycanlılarla bağlı addımlarla ölçüləcək" - POLİTOLOQ

"Ermənistanın səmimiyyəti itkin düşmüş azərbaycanlılarla bağlı addımlarla ölçüləcək" - POLİTOLOQ

"Ermənistanda “İtkin düşənlərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi mühüm bir sualı gündəmə gətirir: humanitar məsələlərdən danışmaqla humanitar məsuliyyəti yerinə yetirmək arasında nə üçün belə böyük fərq var? İtkin düşmüş insanların taleyi siyasi mübahisələrin predmetinə çevrilməməli, onların ailələrinin illərdir davam edən ağrılarına son qoyulması üçün konkret addımlar atılmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın minlərlə vətəndaşının taleyinin 30 ildən artıqdır naməlum qalması bu məsələyə xüsusi həssaslıqla yanaşmağı tələb edir. Ermənistanın beynəlxalq konfransa ev sahibliyi etməsi özlüyündə humanitar dialoq üçün platforma yarada bilər. Lakin belə təşəbbüsün real mahiyyəti səsləndirilən bəyanatlarla deyil, təqdim olunan məlumatlar, açılan arxivlər və nümayiş etdirilən əməkdaşlıq iradəsi ilə müəyyənləşir:

"Rəsmi məlumatlara əsasən, 2026-cı ilin avqustuna olan vəziyyətə görə, Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4010 Azərbaycan vətəndaşı itkin kimi qeydə alınıb. Onlardan 3682 nəfərin taleyi hələ də müəyyən edilməyib. Bu rəqəmlərin arxasında minlərlə ailənin cavabsız qalmış sualları, valideynlərin övladlarını, övladların valideynlərini gözləməsi dayanır. Məsələnin miqyası Ermənistanın təşkil etdiyi konfransın gündəliyində Azərbaycanlı itkinlərin taleyinin də konkret şəkildə müzakirə edilməsini zəruri edir.

Ermənistan rəhbərliyinin beynəlxalq auditoriya qarşısında humanitar əməkdaşlıqdan danışması müəyyən siyasi və diplomatik mesajlar daşıyır. Lakin əsas məsələ budur: bu çağırışlar praktik müstəvidə hansı nəticələri doğuracaq? İtkin düşmüş azərbaycanlıların saxlanma yerləri, mümkün kütləvi məzarlıqlar, dəfn yerləri və həmin dövrə aid arxiv məlumatları ilə bağlı Ermənistanın əlində olan informasiyalar nə zaman tam şəkildə açıqlanacaq? Beynəlxalq təşkilatların iştirakı ilə real məlumat mübadiləsinə nə dərəcədə hazırdır?

Humanitar məsələlərdə seçici yanaşma yolverilməzdir. Bir tərəfin itkinlərinin taleyinə həssaslıq göstərib digər tərəfin minlərlə insanının taleyinə dair sualları arxa plana keçirmək humanitar prinsiplərin mahiyyəti ilə uzlaşmır. Sülh prosesi yalnız siyasi sənədlərin imzalanması və diplomatik bəyanatlarla məhdudlaşmamalıdır. Keçmişin ağır humanitar nəticələri ilə bağlı həqiqətlərin üzə çıxarılması da bu prosesin ayrılmaz hissəsidir.

Ermənistanın səmimiyyəti məhz bu istiqamətdə atacağı konkret addımlarla ölçüləcək. Azərbaycan cəmiyyətinin gözləntisi yeni konfranslar və xoş səslənən bəyanatlar deyil, 30 ildən artıqdır cavab gözləyən ailələrə həqiqətin çatdırılmasıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə