Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə seçilən Ağdam torpağı ölkəmizin dövlətçilik tarixində özünəməxsus yer tutur. Qarabağın dilbər guşələrindən olan Ağdam əsrlər boyu özünün strateji mövqeyi, münbit torpaqları, zəhmətkeş insanları və zəngin mədəni irsi ilə tanınıb. Bu gün Ağdam yalnız tarixi keçmişi ilə deyil, həm də xalqımızın qəhrəmanlığını, dövlətimizin qüdrətini və quruculuq əzmini təcəssüm etdirən şəhər kimi xüsusi əhəmiyyət daşıyır. Ağdam rayonunun yaradılması bölgənin inzibati, iqtisadi və ictimai həyatında mühüm mərhələnin başlanğıcı olmuşdur. 1930-cu ildə yaradılan Ağdam rayonu qısa müddət ərzində Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevrilmiş, kənd təsərrüfatı, sənətkarlıq, ticarət və sosial infrastruktur sahələrində mühüm nailiyyətlər əldə etmişdir. Ağdamın inkişaf tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusi yer tutur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində respublikanın digər bölgələri kimi, Ağdamın da iqtisadi və sosial potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, təhsil və səhiyyə ocaqlarının genişləndirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyəti rayonun tərəqqisinə ciddi təkan vermişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Ağdamın da taleyində ağır və faciəli izlər buraxdı. Uzun müddət düşmən hücumlarına qarşı müqavimət göstərən Ağdam 1993-cü il iyulun 23-də işğal edildi. Şəhər və rayonun yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi-mədəni abidələrimiz vandalizmə uğradıldı, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Məhz Ümummilli Liderin müəyyən etdiyi möhkəm dövlətçilik təməlləri, milli ordu quruculuğu və güclü iqtisadiyyat strategiyası gələcək tarixi Zəfərimizin əsasını qoydu. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik tarixində yeni bir dövrün əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Ermənistanın kapitulyasiyasını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Ağdamın hərbi əməliyyat keçirilmədən, siyasi yolla işğaldan azad edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin, diplomatik məharətinin və Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin mühüm nəticələrindən biri oldu. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində ağdamlılara doğma yurdlarına qayıdacaqları müjdəsini verdi. Bu, onilliklər boyu həsrətlə yaşayan insanların ən böyük arzusunun gerçəkləşəcəyinə dair dövlət təminatı idi. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi. Bu qərar yalnız tarixi hadisənin təqvimdə əbədiləşdirilməsi deyil, həm də Ağdamın qəhrəmanlıq və dirçəliş salnaməsinə verilən yüksək qiymətdir. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin, dövlətimizin imkanlarının və gələcəyə hesablanmış inkişaf strategiyasının əyani təzahürüdür. İşğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının əsas istiqamətlərindəndir. Ağdam şəhərinin Baş planı əsasında burada müasir şəhər infrastrukturu, yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, sosial obyektlər, parklar və istirahət zonaları inşa edilir. Yeni yolların, elektrik, su və digər kommunikasiya xətlərinin çəkilməsi, nəqliyyat infrastrukturunun yaradılması şəhərin gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır. Ağdamın bugünkü dirçəlişi, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 20 Noyabr – Ağdam Şəhəri Günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq və bütün Azərbaycan xalqının milli birliyinin təntənəsidir. Ağdamın azadlığı uğrunda canından keçən Vətən övladlarının fədakarlığı heç vaxt unudulmayacaq. Onların qanı və qəhrəmanlığı ilə yazılan Zəfər tariximiz gələcək nəsillər üçün vətənpərvərlik, milli qürur və dövlətə sədaqət nümunəsi olaraq qalacaq. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın Zəfər qürurunu, dövlətimizin qüdrətini və doğma torpaqlara qayıdış sevincini özündə birləşdirən əlamətdar tarixdir. Ağdamın keçmiş şöhrətinin bərpası və gələcək nəsillərə daha gözəl şəhər kimi miras qalması Azərbaycanın Böyük Qayıdış salnaməsinin ən parlaq səhifələrindən biri olacaqdır.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB