Şəhərdə yaşayıb şəhəri tanımamaq - KÖŞƏ

Şəhərdə yaşayıb şəhəri tanımamaq - KÖŞƏ

İnsan hər gün yaşadığı şəhərin küçələrindən keçir, eyni binaların yanından ötür, eyni yollarla işə, universitetə, evə gedir. Ancaq bütün bunlar həmin şəhəri həqiqətən tanıdığı anlamına gəlmir. Bəzən illərlə yaşadığımız şəhərdə elə bir küçə, tarixi bina, kiçik muzey və ya maraqlı məkan olur ki, onun mövcudluğundan belə xəbərimiz yoxdur. Biz şəhərdə yaşayırıq, amma çox vaxt onu yalnız gündəlik marşrutumuz qədər tanıyırıq.

Müasir həyat insanın hərəkət istiqamətini də müəyyənləşdirib. Hara gedəcəyimizi əvvəlcədən bilirik, yolumuzu seçirik, vaxt itirməməyə çalışırıq. Məqsədimizə çatmaq üçün ən qısa məsafəni axtarırıq. Bu tələskənlikdə isə yolun özü diqqətimizdən kənarda qalır. Halbuki şəhər yalnız çatmalı olduğumuz ünvanlardan ibarət deyil. Onun hər küçəsində bir tarix, hər binasında bir memarlıq xüsusiyyəti, bəzən də heç kimin danışmadığı bir xatirə yaşayır.

Maraqlıdır ki, xarici ölkəyə səfər edən insan həmin şəhərin küçələrini gəzməyə, kiçik meydanlarını kəşf etməyə, tarixi məkanlarını öyrənməyə xüsusi vaxt ayırır. Öz ölkəsində isə çox vaxt eyni marağı göstərmir. Turist kimi getdiyi yerdə hər detalı görmək istəyən insan yaşadığı şəhərdə ətrafına daha az diqqət yetirir. Başqa ölkənin küçələrində saatlarla gəzmək maraqlı görünür, amma öz şəhərində bir neçə dayanacaq piyada hərəkət etmək çoxlarına əlavə vaxt itkisi təsiri bağışlayır.

Bu yanaşma təkcə fərdi maraq məsələsi deyil. Şəhəri tanımaq həm də onun mədəni yaddaşını qorumaq deməkdir. Bir binanın nə vaxt tikildiyini, hansı məqsədlə istifadə olunduğunu, hansı sənətkarın və ya ictimai xadimin həyatında rol oynadığını bilmək həmin məkana münasibəti dəyişir. İnsan tanıdığı, tarixindən xəbərdar olduğu məkanı daha yaxşı dərk edir. Məlumatsızlıq isə bəzən qiymətli irsin adi bir tikili kimi qəbul edilməsinə səbəb olur.

Şəhərlə bağlı məlumatların əlçatan olması da vacibdir. Tarixi binaların üzərində məlumat lövhələrinin yerləşdirilməsi, kiçik muzeylərin fəaliyyətinin geniş ictimaiyyətə tanıdılması, piyada marşrutlarının yaradılması insanların yaşadıqları məkanla əlaqəsini gücləndirə bilər. Bu iş yalnız turistlər üçün görülməməlidir. İlk növbədə həmin şəhərdə yaşayan insanlar öz mühitlərini tanımalıdırlar.

Digər tərəfdən, şəhəri tanımaq üçün mütləq bələdçi və ya xüsusi marşrut da lazım deyil. Bəzən hər gün yanından keçdiyimiz bir küçəyə başqa istiqamətdən baxmaq, əvvəllər diqqət etmədiyimiz binanın memarlığını müşahidə etmək, yaxınlıqdakı tarixi məkan haqqında məlumat toplamaq kifayətdir. Əsas məsələ tanış mənzərəyə vərdişin yaratdığı laqeydliklə baxmamaqdır.

Şəhər yalnız orada yaşadığımız üçün bizə aid olmur. Onu tanıdıqca, tarixini öyrəndikcə, küçələrindəki dəyişiklikləri və yaddaşını anladıqca həmin məkanla həqiqi bağ qururuq. Bəlkə də insanın yaşadığı şəhərə verə biləcəyi ən böyük dəyər onun ünvanlarını əzbərləmək deyil, hər ünvanın arxasında hansı hekayənin gizləndiyini öyrənməkdir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə