Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib

Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə 2026–2027-ci illərin payız-qış mövsümü ilə əlaqədar görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

SİA xəbər verir ki, İH-dən verilən məlumata görə, müşavirədə payız-qış mövsümü ilə bağlı şəhər təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlər, mövcud vəziyyət, kommunal xidmətlərin təşkili və qarşıdakı dövrdə görülməsi zəruri olan işlər ətraflı müzakirə edilib.

Müşavirədə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, mövsüm ərzində əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təminatının həyata keçirilməsi, kommunal xidmətlərin dayanıqlılığının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülməli, mövcud imkanlardan səmərəli istifadə edilməli, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması təmin olunmalıdır.

Bildirilib ki, son illərdə Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, infrastruktur layihələri və kommunal təsərrüfatın müasirləşdirilməsi istiqamətində görülən tədbirlər şəhərin ümumi infrastruktur imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Yenilənən mühəndis-kommunikasiya xətləri, enerji və su təchizatı sistemlərində aparılan təkmilləşdirmələr şəhər təsərrüfatının dayanıqlı fəaliyyətinə, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılmasına mühüm töhfə verib.

Müşavirədə payız-qış mövsümü ilə əlaqədar yaşayış binalarında, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərdə istilik sistemlərinin vəziyyətinin daim nəzarətdə saxlanılmasının, mövcud nasazlıqların vaxtında aradan qaldırılmasının və texniki xidmət tədbirlərinin keyfiyyətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, “Azəriqaz”, “Azərişıq”, su təchizatı və digər kommunal xidmət sahələri üzrə aidiyyəti qurumların qarşısında duran vəzifələr diqqətə çatdırılıb, təmir-bərpa işlərinin operativ və keyfiyyətlə yerinə yetirilməsinin zəruriliyi qeyd olunub.

Müzakirələr zamanı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri təmsil etdikləri sahələr üzrə görülmüş işlər, mövcud vəziyyət, qarşıya çıxan məsələlər və onların həlli istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Mövsüm ərzində kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsi, infrastrukturun normal fəaliyyətinin qorunması və mümkün fövqəladə hallara operativ müdaxilə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda Zakir Fərəcov aidiyyəti qurumların rəhbərlərinə şəhər təsərrüfatının bütün sahələrində işlərin əlaqələndirilmiş şəkildə təşkil edilməsi, kommunal xidmətlərin fasiləsizliyinin təmin olunması, aşkar edilən çatışmazlıqların vaxtında aradan qaldırılması və vətəndaş müraciətlərinə operativ münasibət göstərilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

Qeyd olunub ki, payız-qış mövsümü ərzində şəhər təsərrüfatının fəaliyyətinə nəzarət gücləndiriləcək, aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti təmin ediləcək, əhalinin rahat və təhlükəsiz yaşayışının təmin olunması, eləcə də kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə