“Vergi güzəştləri ayrı-ayrı qurumların imtiyazına çevrilməməlidir“ - RƏŞAD MAHMUDOV

“Vergi güzəştləri ayrı-ayrı qurumların imtiyazına çevrilməməlidir“ - RƏŞAD MAHMUDOV

Səhiyyənin davamlı inkişafı yalnız yeni xəstəxanaların tikilməsi, müasir tibbi avadanlıqların alınması və maliyyələşmənin artırılması ilə məhdudlaşmır. Bu sahədə dayanıqlı nəticələrin əldə olunması üçün səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən iqtisadi və hüquqi mexanizmlərin də ədalətli, şəffaf və uzunmüddətli olması vacibdir.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, vergi siyasətində ayrı-ayrı müəssisələrin deyil, bütövlükdə səhiyyə xidmətinin inkişafına xidmət edən yanaşma formalaşdırılmalıdır.

Onun sözlərinə görə, səhiyyənin güclənməsi üçün həm dövlət, həm də özəl sektorun bərabər və ədalətli prinsiplər əsasında inkişafına şərait yaradılmalıdır. Vergi güzəştləri ayrı-ayrı qurumların imtiyazına deyil, ölkənin iqtisadi və sosial inkişafına xidmət etməlidir.

Rəşad Mahmudov vurğulayıb ki, vergi siyasətində ədalət prinsipinin qorunması həm dövlətin maliyyə maraqları, həm də vətəndaşların sosial təminatı baxımından əhəmiyyətlidir.

“Biz verginin əleyhinə deyil, vergidə ədalətsizliyin əleyhinə olmalıyıq. Çünki dövlətin vergiyə ehtiyacı olduğu qədər, vətəndaşın da ədalətli dövlətə ehtiyacı var”, deyə deputat fikirlərini yekunlaşdırıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə