Beynəlxalq Muğam Mərkəzində YAP-ın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilir

Beynəlxalq Muğam Mərkəzində YAP-ın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilir

"Bu gün Beynəlxalq Muğam Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilir.

SİA xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranma tarixi, təsis edilməsini zəruri edən ictimai-siyasi şərait və partiyanın Azərbaycanın siyasi həyatındakı rolu diqqətə çatdırılıb.

Qeyd olunub ki, YAP-ın yaradılması təşəbbüsü 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının “Səs” qəzeti vasitəsilə Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə başlayıb. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş olunub.

Ulu Öndər Heydər Əliyev oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubu ilə müraciətə müsbət münasibətini bildirib.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Konfransda Heydər Əliyev partiyanın sədri seçilib.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə