Naxçıvanın yüksək yaylaqlarında, Şahbuz rayonunun Kolanı kəndində yay boyu səhər tezdəndən arı yeşikləri qızğın bir səsə bürünür. Arıçı Rəşid Səfərli bu səsi uşaqlıqdan tanıyır. O, sadəcə arıçı deyil, bu torpağın balını dağdan dağa daşıyan, nəsildən-nəsilə ötürən peşənin daşıyıcısıdır. Rəşidin və qardaşının uşaqlıqdan gözlərini açıb gördükləri bu iş indi də həyatlarının mərkəzindədir. Rəşid Səfərliylə söhbət edərkən bir tərəfdən arı yeşiklərinin arasında gəzişir, köçəri arıçılığın necə qurulduğunu, mövsümlərin necə dəyişdiyini, arıların qayğısına necə qaldıqlarını addım-addım izah edirdi. Nektar mövsümü aprelin sonunda başlayır. Yeşikləri ilk olaraq Əshabi-Kəhfə aparırlar. Orada 15-20 gün nektar yığılır. Sonrakı istiqamət isə Heydər Əliyev su anbarına yaxınlığında olan ərazilərdir. Su anbarının ətrafındakı bitkilər tükənəndə arı yeşikləri Şahbuz rayonuna, daha sonra Kolanıya, Biçənəyə və nəhayət Batabat yaylağına çıxarılır. Naxçıvan bölgəsində nektar təxminən avqustun 15-nə qədər davam edir. İyul ayı isə xüsusilə qiymətlidir, çünki o vaxt gül-çiçək bol olur və nektar keyfiyyəti yüksəlir. May, iyun və iyul ayları isə arıların xüsusilə ən məhsuldar dövrüdü hesab olunur. Bu üç ayı yaxşı dəyərləndirməsən ilin məhsulu da zəif keçər. Bu il də həmin xüsusi illərdən idi. Rəşid Səfərli uşaqlığından bəri yadda qalan 2002-ci ili bugünkü kimi xatırlayır. O vaxt uşaq idi, amma balın bol olduğunu, yeşiklərin ağırlığını hələ də unutmayıb. 2026-cı il də bal sezonu elə o cür məhsuldar oldu. Naxçıvan bölgəsində belə bol nektar illəri nadir görülür. Amma bu uğurun arxasında ağır əmək dayanır. Köç vaxtı da, yığım vaxtı da olduqca əziyyətlidir. Yeşiklərin daşınması, arıların qorunması, vaxtında müalicə, bir sözlə bütün bunların hamısı fiziki güc və diqqət tələb edir.
Batabat yaylağında iş təkcə bal yığmaqla bitmir, eyni zamanda bal satışı da aparılır. Yerli və xarici turistlər yaylağa gələndə birbaşa arıçıdan təzə balı əldə edə bilirlər. Təzə, təbii balın dadını bir dəfə dadan bir daha unutmur. Dövlət qayğısı da bu işə dəstək olur. Artıq onlar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəsmi sertifikatların əldə ediblər. Bu, bazarda etibar qazanmaq və saxta məhsullardan fərqlənmək üçün ən vacib addımdır.
Payız gələndə diqqət arıların sağlamlığına yönəlir. Əsasən gənələrə və digər ziyanvericilərə qarşı dərmanlama işləri aparılır. Bəzən arıları açıq havada saxlayırlar, bəzən isə qapalı yerə aparmaq məcburiyyətində qalırlar. Hal-hazırda dərmanlama işləri artıq yekunlaşıb. Qış boyu yeşikdəki arılar hansısa xəstəliklə üzləşməsə, gələn il yenə eyni qayda ilə köçəri arıçılığa başlayacaqlar. Burada əsas rolu yenə hava şəraiti oynayır. Sərt qış keçsə, arılar qapalı yerlərə yığılır. Mülayim keçsə, aran zonasına vaxtından tez endirilir. Arı qırx dərəcə şaxtaya dözə bilir, amma soyuqdan istiyə ani keçid daxili orqanlarında problem yaradır. İsti havada qapalı məkana yığmaq isə boğulmaya səbəb olur. Hər qərar diqqətlə verilməlidir.
Bal süzümü də eyni qayda ilə öz axarında gedir. May balı adlanan bal növü hələ yetişməmiş olur və əsasən sifarişlə hazırlanır. Normal bal isə avqustda süzülür ki, yetişsin. Yetişməmiş bal qıcqırmağa meylli bal kimi tanınır. Arıçı bu məsələdə xüsusilə diqqətlidir. Bazarda saxta bal problemi həddindən artıq artıb. Onun sözlərinə görə, elə adamlar var ki, arısı heç yoxdur, amma bal satışı ilə məşğuldur. İnsanlar bal alarkən tərəddüd edir və bu tərəddüdə haqlıdır. Əsl balı isə yalnız analiz göstərir. Arıçı Rəşid Səfərlinin hazırda beş yüz əlli ədəd arı yeşiyi var. Onların üç yüz əllisi qapalı həyətdə saxlanılır, buna əsas səbəb isə ayıların hücumundan qorunmaqdır. Qalanları isə müxtəlif yerlərdədir. Ayılar bal üçün yeşiklərə hücum edir, ona görə də təhlükəsiz yer seçmək vacibdir. Bu qədər arı ilə işləmək asan deyil, amma arıçı qardaşlar illərlə bu ritmə alışıblar.
Baldan başqa arılardan setoz, güləm, arı südü və vərəmin kimi müxtəlif məhsullarda alınır. Hər birinin öz dadı və faydası var. Arı südü xərçəng və ürək xəstəliklərində, vərəmin isə asma və zəhərli zobda istifadə olunur. Setoz və güləm uşaqlarda zehni inkişafı gücləndirir, D vitamini ilə zəngindir. Arı məhsullarının faydaları saymaqla bitməz, bal da eyni cür. Təbii, təmiz bal həm dad, həm də şəfa mənbəyi hesab olunur.
Yeşiklərin arasında dolaşarkən Rəşidin Səfərlinin sözlərindən aydın olur ki, bu iş sadəcə peşə deyil, həm də həyat tərzidir. Kolanı kəndindən başlayan yol Əshabi-Kəhfdən Batabata qədər uzanır. Rəşid və qardaşı hər il eyni cığırla gedirlər. Arıların qanad çırpması, yeşiklərin ağırlığı, yaylağın sərin küləyi və balın ətri onların həyatının ayrılmaz hissəsidir. Dağlar yenə onlara qucaq açır, nektar yenə axır, arılar yenə uçuşur. Arıçılar isə neçə illik zəhmətlərinin qarşılıqlarını almaq üçün arı dolu yeşiklərə ümid dolu gözlərlə baxırlar.
Jurnalist, Rafiq TƏHMƏZ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB