Peşə təhsilinin əmək bazarının real tələblərinə uyğun qurulması, tədris proqramlarının yenilənməsi, innovasiyaların tətbiqi və təhsil infrastrukturunun inkişafı prioritet istiqamətlərdəndir.
SİA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı deyib. O bildirib ki, peşə təhsili yalnız Elm və Təhsil Nazirliyinin və ayrı-ayrı dövlət qurumlarının deyil, bütövlükdə ölkə iqtisadiyyatının vacib məsələlərindən biridir. Bu baxımdan tədris olunan bilik və bacarıqlar işəgötürənlərin ehtiyaclarına uyğunlaşdırılmalı, təhsil proqramları, pedaqoji kadr potensialı və infrastruktur müasir tələblər əsasında inkişaf etdirilməlidir.
Aparat rəhbəri qeyd edib ki, müvafiq Sərəncama əsasən, peşə təhsili infrastrukturunun genişləndirilməsi istiqamətində 21 yeni təhsil müəssisəsinin tikintisi, 2 müəssisənin isə təmiri nəzərdə tutulur.
Peşə təhsilinə marağın artdığını diqqətə çatdıran Mətin Kərimli bildirib ki, 2022-2025-ci illərdə bu sahədə təhsil alanların sayı 27 min olduğu halda, cari ildə göstərici 40 minə çatıb. Yüksək texniki peşə təhsili üzrə tələbələrin sayının isə 8 mindən 10 minə çatdırılması hədəflənir.
Dual peşə təhsilinin inkişafına da toxunan aparat rəhbəri 2025-ci ildə bu istiqamətdə 1700 nəfərin təhsil aldığını diqqətə çatdırıb.
O, peşə təhsili müəssisələrində pedaqoji və rəhbər heyətin peşəkarlığının artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, cari ildə 274 yeni müəllim işə qəbul edilib. Eyni zamanda, tədrisin məzmununun müasirləşdirilməsi istiqamətində 17 yeni təhsil proqramı hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB