Süni intellekt məktəblilərin müstəqil öyrənmə bacarığını zəiflədə bilərmi? - TƏHSİL EKSPERTİ

Süni intellekt məktəblilərin müstəqil öyrənmə bacarığını zəiflədə bilərmi? - TƏHSİL EKSPERTİ

"Süni intellektin elm və təhsil sahəsinə sürətli inteqrasiyası təkcə Azərbaycanda deyil, bütün dünyada elm və təhsil sistemində narahatlıq doğurur".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, hətta inkişaf etmiş ölkələrdə belə süni intellektin imkanlarından istifadəyə ehtiyatla yanaşılır və bəzi məktəblərdə onun istifadəsi qadağan edilməyə başlanıb:

"Azərbaycanda da süni intellekt imkanlarından istifadənin zərərli tərəfləri var. Təbii ki, inkişafa qarşı çıxa bilmərik, bu, mümkün də deyil. Ancaq yaxşı olardı ki, süni intellektdən müəyyən faydalı istiqamətlərdə yararlanmaq təşviq edilsin.

Çox təəssüf ki, bununla bağlı maarifləndirmə işi zəif aparılır. Şagirdlər, xüsusilə ali təhsil müəssisələrində təhsil alanlar, eləcə də orta məktəblərin yuxarı sinif şagirdləri bütün tapşırıqlarını süni intellekt vasitəsilə həll etməyə çalışırlar. Bu isə gələcəkdə onların savadsızlaşmasına, kütləviləşməsinə, düşüncə qabiliyyətinin zəifləməsinə, milli dəyərlərdən uzaqlaşmasına, coğrafiyamızı, ədəbiyyatımızı və tariximizi zəif bilməsinə gətirib çıxara bilər. Bu tendensiya isə yaxşı heç nə vəd etmir.

Ona görə də hətta UNESCO-nun rəsmi dairələrində belə süni intellektin idarə olunmasının və ondan istifadə qaydalarının mütləq şəkildə fərdlər tərəfindən nəzarətdə saxlanılmasının vacibliyi vurğulanır. Müəssisələrdə bu istiqamətdə məsul şəxslər müəyyənləşdirilməli, məsələn, məktəblərdə müəllimlər vasitəsilə şagirdlərə düzgün istifadə qaydaları çatdırılmalı və maarifləndirmə işi aparılmalıdır. Süni intellektə ünvanlanan sualların düzgün formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan seqmentində süni intellektin məlumat bazası elə formalaşa bilər ki, nəticədə çox bayağı, zəif söz ehtiyatına malik bazalar yarana bilər. Ona görə də süni intellektə ünvanlanan sualların düzgün qurulmasına çalışmaq lazımdır ki, gələcək nəsillərə doğru və etibarlı məlumatlar ötürə bilsin".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə