"Məktəbəqədər təhsil uşaqların ibtidai təhsilə hazırlığında mühüm rol oynayır" - EKSPERT

"Məktəbəqədər təhsil uşaqların ibtidai təhsilə hazırlığında mühüm rol oynayır" - EKSPERT

"Məktəbə hazırlıq prosesində, əlbəttə ki, məktəbəqədər təhsilin rolu böyükdür. Bu, yalnız ölkəmizdə deyil, dünyanın əksər ölkələrində qəbul olunmuş bir faktdır".

Bu sözləri SİA-ya açıqlmasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, belə ki, strateji təhsil pillələrindən biri hesab olunan məktəbəqədər təhsil mərhələsində şagirdlərin müəyyən bilik və bacarıqlar əldə etməsi vacibdir:

"Çünki növbəti strateji təhsil pilləsi ibtidai təhsildir. Şagirdlər bu mərhələyə qədər müəyyən bilik və bacarıqları mənimsəməlidirlər ki, ibtidai təhsil pilləsinə keçid zamanı çətinliklərlə üzləşməsinlər.

Dünyanın əksər ölkələrində məhz məktəbəqədər təhsilin təşviqi mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə də son illərdə bu istiqamətdə müəyyən islahatlar aparılır. Məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin işə qəbulu həyata keçirilir. Yaxın zamanda sertifikasiya prosesinin keçirilməsi də nəzərdə tutulur.

Həmçinin bildiyiniz kimi, ölkəmizdə məktəbəqədər təhsillə yanaşı, məktəbəhazırlıq qrupları da fəaliyyət göstərir. Bu qruplar şərti olaraq «0-cı sinif» adlandırılır. Yəni bu, şagirdlərin birinci sinfə başlamazdan əvvəl keçdikləri hazırlıq mərhələsidir. Məktəbəqədər təhsil müəssisəsinə getməyən uşaqların da məhz bu qruplarda təhsil alması mühüm əhəmiyyət kəsb edir. Çünki bu mərhələ onların növbəti təhsil pilləsinə uyğunlaşmasına, məktəb mühitinə adaptasiya olunmasına kömək edir.

Bu mərhələdə uşaqlarda oxu və yazı bacarıqlarının ilkin əsaslarının formalaşması, dinləyib-anlama qabiliyyətinin inkişafı, eləcə də sinif yoldaşları ilə düzgün münasibət qurmaq bacarığının aşılanması vacibdir. Bütün bunlar uşaqların ibtidai təhsil pilləsinə daha hazırlıqlı başlaması baxımından mühüm əhəmiyyət daşıyır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə