Viza liberallaşdırılması Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri genişləndirəcək - Ceyhun Bayramov
Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasının turizm, təhsil və biznes sahələrində əlaqələrin genişlənməsinə, qarşılıqlı səfərlərin asanlaşmasına töhfə verəcəyini düşünür.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərləri yalnız turizmlə məhdudlaşmır. Təhsil alan gənclər, eləcə də işgüzar səfərlər həyata keçirən sahibkarlar üçün viza prosedurlarının sadələşdirilməsi əlavə imkanlar yarada bilər.
Ceyhun Bayramov qeyd edib ki, bu proses Avropa İttifaqı ölkələrindən Azərbaycana gələn şəxslər üçün də qarşılıqlı faydalı nəticələr verə bilər. O, ölkəmizdə xarici vətəndaşların elektron qaydada ASAN Viza sistemi vasitəsilə viza əldə edə bildiklərini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, Azərbaycan son illərdə bir sıra ölkələrlə viza rejiminin liberallaşdırılması və qarşılıqlı vizasız gediş-gəliş imkanlarının yaradılması istiqamətində addımlar atıb. Bu siyasətin müsbət nəticələri müşahidə olunur.
O bildirib ki, Avropa İttifaqı ilə də oxşar rejimin formalaşdırılması Azərbaycan üçün vacib hədəflərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB