"Ürək-damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır" - KARDİOLOQ
"Yüksək arterial təzyiq (arterial hipertenziya) ürəyin daha böyük yüklə işləməsinə səbəb olur. Zaman keçdikcə ürək əzələsi, xüsusilə sol mədəcik qalınlaşır. Bu vəziyyət sol mədəciyin hipertrofiyası adlanır. Nəticədə ürəyin boşalması və dolması çətinləşə, ürək çatışmazlığı inkişaf edə bilər".
Bu fikirləri SİA-ya açıqlamasında həkim-mütəxəssis kardioloq Emil Hasilov deyib.
Onun sözlərinə görə, uzun müddət nəzarətsiz qalan hipertoniya həmçinin ürək ritminin pozulması, xüsusilə qulaqcıqların fibrillyasiyası riskini artırır:
"Ağır hallarda ürəyin yığılma funksiyası da zəifləyə bilər. Buna görə arterial təzyiqin müntəzəm ölçülməsi və nəzarətdə saxlanılması ürəyin qorunması baxımından çox vacibdir.
Xüsusilə LDL xolesterinin (''pis xolesterin'') qanda yüksək olması damar divarında toplanmasına və aterosklerotik lövhələrin (plak) yaranmasına səbəb olur. Zaman keçdikcə bu lövhələr böyüyərək damarların mənfəzini daraldır və ürək əzələsinə gedən qan axınını məhdudlaşdırır. Daha təhlükəli vəziyyət isə aterosklerotik lövhənin zədələnməsi və ya yırtılmasıdır. Bu zaman həmin nahiyədə qan laxtası (tromb) əmələ gələ və ürək damarını qəfil tıxaya bilər. Nəticədə ürək əzələsinin qan təchizatı pozulur və miokard infarktı baş verir. Xolesterinin vaxtında yoxlanılması, düzgün qidalanma, fiziki aktivlik və zərurət olduqda həkim təyinatı ilə dərman müalicəsi infarkt riskinin azaldılmasında mühüm rol oynayır.
Sonda bir şeyi vurğulamaq istəyirəm:
Ürək-damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır. Təzyiqin və xolesterinin nəzarətdə saxlanılması, sağlam həyat tərzi və vaxtında kardioloji müayinələr ürəyimizi qorumağın əsas şərtləridir! Hər birinizə sağlamlıq arzulayıram"!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB