Dünyaşöhrətli fotojurnalist Reza Deqati milyonlarla fotoşəkildən ibarət şəxsi arxivini Azərbaycana bağışlamaq niyyətindədir. Fotoqrafın bu təşəbbüsü Azərbaycanın yaxın tarixinin, xüsusilə Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, Reza Deqati bu barədə TNS TV-yə müsahibəsində danışıb. O bildirib ki, uzun illər ərzində topladığı şəxsi arxivinin Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verilməsini istəyir. Fotoqrafın sözlərinə görə, onun şəxsi arxivi ümumilikdə 2 milyon 500 min fotoşəkil və sənəddən ibarətdir. Bu materialların təxminən 500 mini Azərbaycanla bağlıdır.
Fotojurnalist xüsusilə Azərbaycanla əlaqəli fotoların gələcək taleyindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, arxivində Azərbaycanın 1988-ci ildən bu günədək keçdiyi tarixi mərhələləri, ölkədə baş verən mühüm hadisələri, Qarabağ müharibəsini, Xocalı faciəsini və xalqımızın yaşadığı faciələri əks etdirən çoxsaylı görüntülər var. Lakin bu fotoların yalnız təxminən 2 minə yaxını indiyədək ictimaiyyətə təqdim olunub.
“İstəməzdim ki, bu şəkillər Fransada, Parisdə qalsın. Çünki məndən sonra arxivim Fransa hökumətinə təhvil veriləcək. Amma bilmirəm, kimin əlinə düşəcək, ona kim baxacaq?”, – deyə Reza Deqati narahatlığını ifadə edib.
Fotoqraf vurğulayıb ki, arxivinin Azərbaycana verilməsini sağlığında həyata keçirmək istəyir. Hətta onun sözlərindən belə məlum olur ki, bu niyyəti yalnız Azərbaycanla bağlı fotolarla məhdudlaşmır. O, ümumilikdə 2,5 milyonluq arxivinin Azərbaycana verilməsi ideyasını da dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB