“Qızların təhsilinə dəstək” proqramı genişlənir - SƏDR

“Qızların təhsilinə dəstək” proqramı genişlənir - SƏDR

Qızların təhsil imkanlarının artırılması, peşəkar inkişafının dəstəklənməsi və iqtisadi müstəqilliyinin gücləndirilməsi qadınların cəmiyyətdə fəal iştirakının təmin olunmasında mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri də 2021-ci ildən icrasına başlanılan “Qızların təhsilinə dəstək” proqramıdır.

SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, proqram hazırda daha da şaxələnir və genişlənərək davamlı xarakter alır. Cəmiyyətin, eləcə də iqtisadi və biznes subyektlərinin bu təşəbbüsə dəstək göstərməsi qadınların təhsilinə verilən diqqətin və dəyərin göstəricisidir.

B.Muradova qeyd edib ki, qızların hüquq, mühəndislik, texnologiya və digər perspektivli sahələrdə təhsilinə, peşəkar inkişafına dəstək göstərilməsində məqsəd yalnız onların mütəxəssis kimi formalaşması deyil. Əsas hədəf öz potensialına inanan, ictimai həyatda və siyasi proseslərdə fəal iştirak edən, ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirən vətəndaşların yetişdirilməsidir.

Komitə sədri vurğulayıb ki, təhsildən kənarda qalanların əhəmiyyətli hissəsini qadınlar təşkil edir. Bu səbəbdən yüksək bilik və səriştəyə malik, müasir dünyagörüşlü, milli-mənəvi və dini dəyərlərə bağlı qadınların yetişdirilməsi ailənin, cəmiyyətin və dövlətin gələcəyinə qoyulan sərmayədir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə