Azərbaycanda qadınların ictimai-siyasi həyatda təmsilçiliyinin artırılması, onların qərarvermə proseslərində iştirakının genişləndirilməsi dövlət qadın siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində dövlət qulluğunda, seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, məhkəmə-hüquq sistemində və mediada qadınların təmsilçiliyində müsbət dinamika müşahidə olunur.
SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Şərqdə ilk dünyəvi qız məktəbinin yaradılması, eləcə də qadınlara seçki hüququnun verilməsi ölkəmizdə qadınların maariflənməsi, ictimai həyatda iştirakı və hüquqlarının tanınması baxımından tarixi əhəmiyyət daşıyır.
Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın maarifçilik ənənələrinə söykənən çoxşaxəli fəaliyyəti də qadınların ictimai fəallığının, təşəbbüskarlığının və liderlik imkanlarının genişləndirilməsinə xidmət edir.
Onun sözlərinə görə, qadınların ictimai-siyasi təmsilçiliyində müşahidə olunan müsbət dinamika onların qərarvermə proseslərinə cəlb edilməsi istiqamətində görülən işlərin mühüm nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB