"44 günlük müharibə Azərbaycan analarının tərbiyə ənənəsini nümayiş etdirdi" - Hicran Hüseynova

"44 günlük müharibə Azərbaycan analarının tərbiyə ənənəsini nümayiş etdirdi" - Hicran Hüseynova

44 günlük Vətən müharibəsi Azərbaycan ailələrində formalaşan vətənpərvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Qarabağı heç vaxt görməyən gənclərin Vətən uğrunda döyüşə yollanması və fədakarlıq göstərməsi ailələrdə verilən düzgün tərbiyənin nəticəsi idi.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, uşaqların tərbiyəsində və şəxsiyyət kimi formalaşmasında qadınların, xüsusilə anaların rolu böyükdür. Azərbaycan anaları nəsillər boyu milli mədəniyyətin və mənəvi dəyərlərin ötürücüsü kimi çıxış ediblər.

Deputatın sözlərinə görə, qadınlar təhsil və tərbiyə vasitəsilə uşaqlara dürüstlük, bütövlük, əməkdaşlıq və qarşılıqlı hörmət kimi etik prinsipləri aşılayırlar. Onların sosial və mədəni fəaliyyəti cəmiyyətin kollektiv şüuruna təsir göstərir, tolerantlıq, bərabərlik və milli mənsubiyyət kimi dəyərlərin təşviqinə töhfə verir.

H.Hüseynova qeyd edib ki, qadınların səlahiyyətlərinin artırılması, mədəni və sosial fəaliyyətlərdə iştirakının genişləndirilməsi cəmiyyətin gələcəyi üçün mühüm sərmayədir. O, Azərbaycan qadınlarının, xüsusilə anaların milli dəyərlərin qorunmasında və gənc nəslə ötürülməsində rolunu yüksək qiymətləndirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə