"Vaşinqtonun Azərbaycana verdiyi önəm qarşılıqlı səfərlərdə özünü göstərir" - POLİTOLOQ DANIŞDI

"Vaşinqtonun Azərbaycana verdiyi önəm qarşılıqlı səfərlərdə özünü göstərir" - POLİTOLOQ DANIŞDI

"Amerika Birləşmiş Ştatlarının daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü, əlbəttə ki, indiki dövrdə olduqca diqqətçəkən hadisədir. Ümumiyyətlə, son dövrlərdə Azərbaycan və ABŞ arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyinin şahidi oluruq".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:

"Vaşinqton sazişinin imzalanmasından sonra Bakının Vaşinqtona etimadının artması həm sülh prosesinə fayda gətirib, həm də regional əməkdaşlıq və kommunikasiya xətlərinin açılması baxımından mühüm töhfə verib.

Əlbəttə ki, Bakı və Vaşinqton arasındakı əlaqələr təkcə Ermənistan-Azərbaycan münasibətləri və ya sülh danışıqları kontekstində məhdudlaşmır. Eyni zamanda, iki ölkə arasında kifayət qədər şaxələndirilmiş münasibətlər sisteminin formalaşdığını görürük. ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri, eləcə də digər amerikalı rəsmilərin ölkəmizə səfərlərinin intensivləşməsi Vaşinqtonun Azərbaycana verdiyi dəyərin və önəmin real göstəricisidir.

Görüşdə konkret nələrin müzakirə edildiyinə gəldikdə isə təbii ki, onun detalları tam açıqlanmayıb. Lakin bütün hallarda iki ölkə arasında mövcud münasibətlər çərçivəsində yeni məsələlərin müzakirə edildiyini ehtimal etmək olar. Təhlükəsizlik məsələləri yenə də ön plana çəkiləcək. Çünki hazırda İran-ABŞ gərginliyi və ümumilikdə Yaxın Şərqdə baş verən hadisələr fonunda Vaşinqton və Bakı arasında aparılan danışıqlar, təbii ki, diqqət çəkir.

Amma Azərbaycanın İran məsələsindəki mövqeyi bəllidir. Rəsmi Bakı İran ərazisinə müdaxiləni və bu ölkənin ərazilərinin vurulmasını qəbul etmir. Azərbaycan məsələlərin hər zaman beynəlxalq hüquq və diplomatiya yolu ilə həllinin tərəfdarıdır. Bu baxımdan, Bakının məsələyə yanaşması yalnız diplomatik və siyasi kontekstdədir. Azərbaycan ABŞ ilə daha çox nəqliyyat infrastrukturu, energetika və təhlükəsizlik məsələlərində əməkdaşlıq etməkdə maraqlıdır. Lakin heç bir halda İrana qarşı əməliyyatların və ya siyasətin tərkib hissəsi deyil və belə bir mövqedə olmaq niyyətində də deyil".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə