“Səfər Azərbaycan və Vyetnam xalqları arasında dostluq və qarşılıqlı rəğbəti möhkəmləndirib” -MİLLƏT VƏKİLİ

“Səfər Azərbaycan və Vyetnam xalqları arasında dostluq və qarşılıqlı rəğbəti möhkəmləndirib” -MİLLƏT VƏKİLİ

“Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etibarlı əməkdaşlıq prinsipləri əsasında formalaşmışdır. İki xalq arasında yaranmış səmimi münasibətlərin təməli hələ ötən əsrin ortalarında qoyulmuş, zaman keçdikcə bu əlaqələr siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edən geniş tərəfdaşlığa çevrilmişdir”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, bu günAzərbaycan -Vyetnam münasibətləri tarixi ənənələrə əsaslanmaqla yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur:
“İki ölkə arasındakı dostluğun başlanğıcında 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri xüsusi yer tutur. Bu səfər Azərbaycan və Vyetnam xalqları arasında qarşılıqlı rəğbətin və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynamışdır. 1983-cü ildə isə Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə səfərin müddətinin səkkiz günə qədər uzadılması və Vyetnamın müxtəlif regionlarını əhatə etməsi ölkəyə göstərilən xüsusi diqqətin ifadəsi idi. Həmin səfər zamanı əldə edilən razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına mühüm töhfə vermiş və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu dostluq münasibətləri davam etdirilmiş və dövlətlərarası əlaqələr yeni siyasi məzmun qazanmışdır. 2014-cü ildə Azərbaycanın Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin inkişafına mühüm təkan vermişdir. Bu qarşılıqlı səfərlər siyasi dialoqun genişlənməsinə, iqtisadi və humanitar əməkdaşlığın yeni imkanlarının müəyyənləşdirilməsinə şərait yaratmışdır.

Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında mühüm hadisələrdən biri Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin may ayında Azərbaycana ilk dövlət səfəri olmuşdur. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan konstruktiv danışıqlar iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə etmişdir. Energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuş, Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu sənəd Azərbaycan-Vyetnam münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edən mühüm siyasi-hüquqi əsas kimi qiymətləndirilir.
Hazırda iki ölkə arasında siyasi dialoq yalnız dövlət başçıları səviyyəsində deyil, həm də hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları və parlamentlərarası dostluq qrupları vasitəsilə davam etdirilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında inkişaf edən əməkdaşlıq da siyasi münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlı əlaqələrini davam etdirirlər. Bütün bunlar dövlətlərarası münasibətlərin bərabərhüquqluluq və qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərir.

İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Vyetnam münasibətlərinin əsas istiqamətlərindən biridir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici müsbət dinamikanı əks etdirsə də, mövcud iqtisadi potensialın daha geniş olduğunu göstərir. Azərbaycan və Vyetnam qarşılıqlı ticarətin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli imkanlara malikdirlər.
Energetika sektoru isə tarixən iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olmuşdur. Xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssislərin hazırlanması sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu istiqamətdə birgə fəaliyyət hər iki ölkənin enerji sektorunun inkişafına və qarşılıqlı təcrübə mübadiləsinə töhfə verə bilər.
Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı da getdikcə artır. Tikinti, infrastruktur, Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olan ROX Group şirkətinin fəaliyyəti bu baxımdan diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması investisiya əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli hadisə olmuşdur.
Nəqliyyat və logistika sahəsi də Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin perspektivli istiqamətlərindən hesab olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədə müsbət dinamikanı nümayiş etdirir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılması üçün geniş perspektivlər yaradır. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edə bilər.
Azərbaycan və Vyetnam arasında əməkdaşlıq yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Humanitar əlaqələr xalqlarımızı birləşdirən mühüm körpü rolunu oynayır. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fond Vyetnamda həyata keçirilən müxtəlif sosial və təhsil layihələrinə dəstək göstərərək iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və təhsil müəssisələrinə göstərilən dəstək bu fəaliyyətin konkret nümunələrindəndir.

Tarixi dostluq ənənələrinə söykənən bu münasibətlər qarşılıqlı etimad və ortaq maraqlar əsasında daha da möhkəmlənərək Azərbaycan-Vyetnam əməkdaşlığının gələcək inkişafına geniş imkanlar açacaqdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə