İndoneziyada fabrik yanğınında daha çox cəsəd aşkarlanıb

İndoneziyada fabrik yanğınında daha çox cəsəd aşkarlanıb

İndoneziyanın Banten əyalətində yerləşən şirniyyat fabrikində baş verən yanğından sonra aparılan axtarışlar zamanı insan qalıqlarının olduğu 24 kisə ərazidən çıxarılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib. Polis bir kisədə bir neçə nəfərə aid insan qalıqlarının ola biləcəyini açıqlayıb.

Fabrik rəhbərliyinin son məlumatına görə, 29 işçi itkin düşmüş hesab olunur, daha 8 nəfərin harada olduğu isə dəqiqləşdirilməyib. Dörd nəfər tibbi yardım alır.

Yanğının güclü olması səbəbindən tapılan qalıqların vizual yolla tanınması mümkün deyil. Şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün itkin düşənlərin yaxınlarından DNT nümunələri götürülür. Prosesin iki-üç həftə davam edə biləcəyi bildirilir.

Axtarış-xilasetmə əməliyyatları gecə saatlarında dayandırılıb və noyabrın 23-də səhər saatlarında bərpa olunacaq.

Qeyd edək ki, ilkin məlumatlarda yanğın nəticəsində 3 nəfərin öldüyü, 36 nəfərin itkin düşdüyü bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə