Şamaxıda gənclərin sağlam həyat tərzinin təşviqi, velosiped mədəniyyətinin inkişafı və idmanın geniş təbliği məqsədi daşıyan “Gənclik Yolunda” layihəsinin açılış mərasimi keçirilib.
21 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin açılış mərasimi Şamaxı rayonunda baş tutub.
SİA xəbər verir ki, tədbirdən öncə Şamaxı şəhərində kütləvi veloyürüş təşkil olunub. Veloyürüşdə iştirakçılar şəhər küçələri boyunca hərəkət edərək sağlam həyat tərzinin, fiziki aktivliyin və velosiped idmanının təbliğinə öz töhfələrini veriblər. Kütləvi veloyürüş şəhərdə xüsusi canlanma yaradaraq sakinlərin də diqqətini cəlb edib.
Daha sonra layihənin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Qədir Xəlilov, İctimai Birliyin rəhbəri Vüqar Salahov və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən rəsmilər ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində gənclərə yüksək dövlət qayğısı göstərilir, onların hərtərəfli inkişafı, idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunda yetişdirilməsi üçün geniş imkanlar yaradılır. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gənclərin sosial fəallığının artırılmasına, idmanın kütləviləşdirilməsinə və sağlam nəslin formalaşdırılmasına yönəlmiş təşəbbüslərinin, göstərdiyi diqqət və qayğının bu sahədə qazanılan uğurlarda mühüm rol oynadığı xüsusi qeyd olunub. Çıxışlarda velosiped idmanının gənclərin fiziki və mənəvi inkişafındakı əhəmiyyətinə diqqət çəkilib, onların cəmiyyətin fəal üzvləri kimi formalaşmasında bu istiqamətdə həyata keçirilən layihələrin vacibliyi vurğulanıb.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin iştirakı açılış mərasiminə xüsusi rəng qatıb. Onun tədbirdə iştirakı gənclər üçün vətənə bağlılıq, milli dəyərlərə hörmət və vətəndaş məsuliyyəti baxımından əlamətdar olub.
Dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq reallaşdırılan “Gənclik Yolunda” layihəsi gənclər arasında sağlam həyat tərzinin təşviqinə, velosiped mədəniyyətinin genişləndirilməsinə, idmana marağın artırılmasına və yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə xidmət edir.
Layihənin növbəti mərhələdə İsmayıllı və Qəbələ rayonlarında da davam etdirilməsi nəzərdə tutulur. Bu mərhələ çərçivəsində daha çox gəncin layihəyə cəlb edilməsi, velosiped idmanına marağın artırılması və sağlam həyat tərzinin təşviqinin daha geniş coğrafiyada davam etdirilməsi hədəflənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB