"Yeni Azərbaycan Partiyası – müasir Azərbaycan dövlətçiliyinin siyasi dayağı" - POLİTOLOQ
"21 noyabr 1992-ci il Azərbaycan siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1)_(2)_(2).jpg)
Onun sözlərinə görə, partiyanın yaranması müstəqilliyini yenicə bərpa etmiş, mürəkkəb siyasi, iqtisadi və hərbi sınaqlarla üzləşmiş Azərbaycanın gələcək inkişafı baxımından tarixi əhəmiyyət daşıyan hadisə idi. Həmin dövrdə ölkənin qarşısında dayanan əsas vəzifə dövlət müstəqilliyinin qorunması, milli birliyin təmin edilməsi, siyasi sabitliyin yaradılması və güclü dövlətçilik ənənələrinin formalaşdırılması idi:
"Yeni Azərbaycan Partiyasının yaradılması xalqın siyasi iradəsinin, ziyalıların dövlətçilik məsuliyyətinin və Heydər Əliyev şəxsiyyətinə olan böyük inamın təzahürü idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti ilə başlanan siyasi proses noyabrın 21-də Naxçıvanda tarixi qərarla nəticələndi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
YAP-ın meydana çıxması yeni siyasi təşkilatın formalaşmasından daha böyük məna daşıyırdı. Bu, Azərbaycanın taleyinə biganə qalmayan insanların vahid dövlətçilik ideyası ətrafında birləşməsi, ölkənin gələcəyinə dair strateji baxışın siyasi təşkilatlanma müstəvisinə keçməsi idi. Heydər Əliyevin siyasi müdrikliyi, zəngin idarəçilik təcrübəsi, beynəlxalq nüfuzu və milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi partiyanın ideoloji əsaslarını müəyyənləşdirdi.
1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf strategiyasının hazırlanması və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Bu proseslərdə Yeni Azərbaycan Partiyası mühüm siyasi təşkilatlanma platforması rolunu oynadı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi YAP-ın siyasi tarixində də yeni mərhələ açdı. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, müdafiə potensialının gücləndirilməsi və nəhayət, 2020-ci ildə tarixi Zəfərin qazanılması, 2023-cü ildə ölkəmizin bütün ərazilərində suverenliyin tam bərpası dövlətçilik strategiyasının mühüm nəticələridir. Bu tarixi nailiyyətlər Azərbaycanın siyasi inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi.
Bu gün Yeni Azərbaycan Partiyası 34 illik siyasi təcrübəsi, təşkilati potensialı və dövlətçilik ənənələrinə bağlılığı ilə ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyini qoruyur. Partiyanın qarşısında dayanan əsas vəzifələrdən biri müasir Azərbaycanın inkişaf prioritetlərini cəmiyyətə çatdırmaq, gənc nəslin dövlətçilik ideyalarına bağlılığını gücləndirmək və ölkənin strateji hədəfləri ətrafında ictimai həmrəyliyi daha da möhkəmləndirməkdir.
YAP-ın siyasi tarixini səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun dünənlə bu gün arasında möhkəm ideoloji və siyasi varislik əlaqəsi yaratmasıdır. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlarda inkişaf etdirilir. Bu varislik Azərbaycanın milli maraqlarının qorunması, müstəqil siyasət yürütməsi və güclü dövlət kimi mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
21 noyabr tarixi həm də siyasi məsuliyyət, uzaqgörənlik və dövlətçilik iradəsinin rəmzidir. Yeni Azərbaycan Partiyasının yaranması ilə başlanan 34 illik yol müasir Azərbaycanın siyasi salnaməsinin mühüm səhifələrindən birini təşkil edir. Bu gün YAP-ın yaranma ildönümünü qeyd etmək Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasına və Azərbaycanın gələcək hədəflərinə ehtiramın ifadəsidir.
Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü münasibətilə partiyanın bütün üzvlərini təbrik edir, ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması naminə fəaliyyətində yeni uğurlar arzulayıram!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB