İtkinlərin taleyi: Ermənistanın bəyanatları ilə real addımları arasında 204 məzarın sirri

İtkinlərin taleyi: Ermənistanın bəyanatları ilə real addımları arasında 204 məzarın sirri

Humanitar dialoq qarşılıqlı etimadın və konkret əməkdaşlığın əsasını təşkil etməlidir. Lakin itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində artıq əldə olunmuş razılaşmaların icra edilməməsi Ermənistanın əməkdaşlığa hazır olması barədə bəyanatlarının səmimiliyini ciddi sual altına qoyur.

2026-cı il noyabrın 19-20-də İrəvanda keçirilən "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans bir daha müharibələrin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ailələrin yaxınları haqqında həqiqəti bilmək hüququ məsələlərini gündəmə gətirib. Ermənistan rəhbərliyinin konfrans çərçivəsində səsləndirdiyi fikirlərdə qarşılıqlı etimad, məlumat mübadiləsi və praktiki əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.

Şübhəsiz ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi siyasi mülahizələrdən üstün tutulmalı olan humanitar məsələdir. Lakin burada mühüm bir sual ortaya çıxır: Ermənistanın əməkdaşlığa hazır olması barədə bəyanatları indiyədək hansı konkret nəticələrlə müşayiət olunub? Axı söhbət yalnız gələcəkdə mümkün əməkdaşlıqdan deyil, tərəflər arasında artıq əldə edilmiş, lakin icrası təmin olunmamış razılaşmalardan gedir.

Razılaşmalar var, icra yoxdur

2025-ci ilin fevralından Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə müvafiq dövlət komissiyaları arasında vasitəçisiz, birbaşa təmaslar qurulub. Görüşlər və telefon danışıqları zamanı konkret məsələlər müzakirə edilib, şifahi razılaşmalar əldə olunub. Həmin dövrdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini tutan Armen Abazyan 2025-ci il iyunun 4-də birgə axtarış tədbirlərinin həyata keçirilməsinə dair ilkin razılığı ictimaiyyət qarşısında da təsdiqləyib.

Azərbaycan tərəfi bu təmaslar çərçivəsində Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 Azərbaycan vətəndaşının siyahısını, onlardan 104 nəfərə dair ətraflı məlumatları Ermənistan tərəfinə təqdim edib. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən qeydiyyata alınmış və Ermənistan ərazisində, eləcə də Qarabağdakı saxlanma yerlərində baş çəkilmiş 54 azərbaycanlı barədə də ayrıca materiallar verilib. Həmin şəxslərdən 17-nin meyiti qaytarılıb, 33 nəfərin saxlanma yerlərində öldüyü bildirilsə də, nəşləri Azərbaycana təhvil verilməyib. Dörd nəfərin isə taleyi hələ də məlum deyil.

Bundan əlavə, 2025-ci ilin may-iyun aylarında Azərbaycan hadisələrin iştirakçısı, şahidi olmuş və ya itkin düşmüş şəxslərin taleyi barədə məlumatı olan sağ şahidlərin və digər şəxslərin siyahılarını təqdim edib. Bu insanların Ermənistanın aidiyyəti qurumları tərəfindən dindirilməsi saxlanma yerləri, ölüm halları və dəfn yerləri haqqında mühüm məlumatların əldə olunmasına imkan yarada bilərdi. Ancaq Ermənistan tərəfi təqdim edilmiş materialların yoxlanılmasının nəticələrini indiyədək açıqlamayıb.

Ən diqqətçəkən məqam isə Ermənistan tərəfinin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların dəfn olunduğu 204 kütləvi və fərdi məzarlığın koordinatlarına malik olduğunu bildirməsidir. Həmin məzarlıqların əsasən kütləvi xarakter daşıdığı da qeyd olunub. Ermənistan bu məlumatları Azərbaycana təqdim etməyə hazır olduğunu bildirsə də, 2026-cı il noyabrın 19-dək koordinatlar təqdim edilməyib.

Bu fakt xüsusi əhəmiyyət daşıyır. Çünki burada söhbət Azərbaycanın ehtimallarından və ya fərziyyələrindən yox, Ermənistan tərəfinin özünün mövcudluğunu təsdiqlədiyi konkret məlumatlardan gedir. Belə məlumatların gizli saxlanılması minlərlə ailənin illərdir davam edən gözləntisini daha da ağırlaşdırır.

Birgə axtarış təşəbbüsləri niyə nəticəsiz qalıb?

Əməkdaşlığın real nəticə verə biləcəyini göstərən nümunələrdən biri də itkin düşmüş ilk azərbaycanlı hərbi təyyarəçi Vaqif Qurbanovun taleyi ilə bağlıdır. O, 1992-ci il iyunun 13-də Xocalı rayonunun Naxçıvanlı kəndi istiqamətində itkin düşüb. Ermənistan tərəfi onun ehtimal edilən dəfn yerinin koordinatlarını təqdim edib. Lakin aparılan axtarışlar bu məlumatı təsdiqləməyib. Ermənistan həmin ərazini dəqiq göstərə biləcək şahidin Azərbaycana gəlməsini təmin etməyə hazır olduğunu bildirsə də, bu təşəbbüs də reallaşdırılmayıb.

2025-ci ilin iyununda Ermənistan MTX rəhbərliyində baş verən dəyişiklikdən sonra əməkdaşlığın dinamikası da nəzərəçarpacaq dərəcədə zəifləyib. Armen Abazyan iyunun 18-də vəzifədən azad edilib, iyunun 28-də Andranik Simonyan yeni direktor təyin olunub. 2026-cı il martın 24-də iki ölkənin komissiya nümayəndələri arasında sonuncu məzmunlu telefon danışığı baş tutub. Sonrakı mərhələdə Ermənistan tərəfi razılaşmaların icrası ilə bağlı suallara cavab olaraq rəhbərlikdən müvafiq göstəriş almadığını və bu məsələlərə münasibət bildirmək imkanında olmadığını dəfələrlə qeyd edib.

Beləliklə, əvvəlki mərhələdə yaradılmış birbaşa əməkdaşlıq mexanizmi faktiki olaraq fəaliyyətsiz vəziyyətə düşüb. Halbuki tərəflər arasında artıq mövcud olan təmaslar konkret humanitar problemlərin həlli üçün real imkanlar açmışdı.

Sülhün humanitar tərəfi: bəyanatlardan əməli addımlara

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi xüsusi yer tutur. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə əməkdaşlıq üçün yeni siyasi imkanlar yaradıb. Saziş layihəsinin 9-cu maddəsində itkin düşmüş şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlıq nəzərdə tutulub. Məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, insan qalıqlarının axtarılması və qaytarılması, eləcə də müvafiq istintaq tədbirləri qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan da ailələrin yaxınlarının taleyini bilmək hüququnu və dövlətin bu sahədə məsuliyyətini vurğulayıb. Xarici işlər naziri Ararat Mirzoyan isə 2026-cı ilin mayında Ermənistanda itkin düşmüş şəxslər haqqında qanunun qüvvəyə mindiyini, noyabrın 19-da isə axtarış və eyniləşdirmə sahəsində əməkdaşlığa daim hazır olduqlarını bəyan edib.

Lakin siyasi iradənin əsas göstəricisi bəyanatların sayı deyil, onların arxasında dayanan real fəaliyyətdir. Ermənistanın təqdim etməli olduğu 204 məzarlığın koordinatları, Azərbaycan tərəfindən verilmiş siyahıların yoxlanılmasının nəticələri, əlavə genetik məlumatlar və birgə axtarış tədbirləri üzrə razılaşmalar hələ də gözlənilir. Yeni əməkdaşlıq formatlarının yaradılması da əvvəlki razılaşmaların icrasını əvəz edə bilməz.

İtkinlər, kütləvi məzarlıqlar və mina təhlükəsi

Məsələnin digər mühüm tərəfi itkin düşmüş şəxslərin dəfn yerlərinin müəyyənləşdirilməsinin mümkün müharibə cinayətlərinin araşdırılması ilə əlaqəsidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlığın aşkarlanması bu problemin miqyasını göstərir. Aparılan ekspertizalar insan qalıqlarının kimliyinin müəyyənləşdirilməsi ilə yanaşı, ölüm şəraitinin, işgəncə və digər zorakılıq hallarının araşdırılmasına da imkan verir.

Ermənistanın dəfn yerləri barədə məlumatları təqdim etməsi yalnız humanitar deyil, həm də hüquqi zərurətdir. Keçmiş Ermənistan hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinin, o cümlədən Qaqik Melkonyan və Samvel Babayanın itkin azərbaycanlıların dəfn yerləri barədə məlumatlı olduqlarına dair açıqlamaları da bu məsələnin araşdırılmasının vacibliyini artırır.

Axtarış prosesini çətinləşdirən digər ciddi problem isə mina təhlükəsidir. Bəzi ehtimal edilən məzarlıqların ətrafında minaların mövcudluğu axtarış işlərinin aparılmasını təhlükəli və mürəkkəb edir. Ermənistan tərəfindən təqdim edilmiş mina xəritələrinin bir qisminin dəqiqliyinin aşağı olması, bəzi kritik ərazilər üzrə isə ümumiyyətlə məlumat verilməməsi vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə 2020-ci ildən sonra yaradılmış yeni təmas xətti boyunca mina xəritələrinin təqdim edilməməsi ciddi narahatlıq doğurur.

Minalar yalnız hərbi mövqelərdə deyil, yaşayış məntəqələrinin yaxınlığında, yollar boyunca, meşələrdə, çay sahillərində, əkin sahələrində və qəbiristanlıqlarda da aşkarlanır. Bu təhlükə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına, mülki əhalinin təhlükəsizliyinə və itkinlərin axtarışına mane olur. Buna görə də dəqiq mina xəritələrinin təqdim edilməsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır.

Etimadın yolu konkret addımlardan keçir

Azərbaycan tərəfi itkinlərin taleyinin müəyyənləşdirilməsi məsələsini beynəlxalq platformalarda da ardıcıl şəkildə gündəmə gətirir. Prezident İlham Əliyev 2026-cı il oktyabrın 7-də Bakı Dialoqu formatında keçirilmiş IV beynəlxalq konfransın iştirakçılarına müraciətində Ermənistanı itkin şəxslər, arxiv sənədləri və dəfn yerləri barədə məlumatları təqdim etməyə çağırıb, BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsünü irəli sürüb.

Eyni zamanda, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin Cenevrədə, eləcə də Brüsseldə keçirdiyi aksiyalar, "Gilavar" Foto Klubu İctimai Birliyinin 2026-cı ilin oktyabrında Avropanın səkkiz şəhərində təşkil etdiyi fotoekspozisiyalar problemin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmasına xidmət edir. Bu təşəbbüslərin əsas tələbi dəyişməzdir: Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, dəfn yerləri və mina xəritələri barədə malik olduğu məlumatları açıqlamalıdır.

Bu gün 4010 azərbaycanlının itkin düşmüş şəxs kimi qeydiyyatda qalması minlərlə ailənin hələ də cavabsız suallarla yaşadığını göstərir. Müharibə başa çatsa da, onlar üçün müharibənin humanitar nəticələri bitməyib. Hər bir ailənin öz doğmasının taleyini bilmək, məzarını ziyarət etmək və illərlə davam edən qeyri-müəyyənliyə son qoymaq hüququ var.

İrəvanda keçirilən beynəlxalq konfransda səsləndirilən humanitar çağırışlar məhz bu reallıq fonunda qiymətləndirilməlidir. Ermənistanın həqiqətən əməkdaşlığa hazır olduğunu nümayiş etdirməsi üçün yeni bəyanatlara ehtiyac yoxdur. Bunun üçün 204 məzarlığın koordinatlarını təqdim etmək, verilmiş siyahıları yoxlamaq, şahidlərin dindirilməsini təmin etmək, insan qalıqlarının axtarışı və qaytarılması üzrə razılaşdırılmış tədbirləri həyata keçirmək kifayətdir.

Mətanət Məmmədova

P.S. Etimad sözlərlə deyil, əməli addımlarla qurulur. İtkinlərin taleyinə aydınlıq gətirilməsi isə siyasi gündəlikdən asılı olmayaraq, hər iki tərəfin üzərinə düşən humanitar məsuliyyətdir. Azərbaycan bütün ailələrin maraqları naminə konkret əməkdaşlığa hazır olduğunu bəyan edir. İndi əsas məsələ Ermənistanın da bu bəyanatları real addımlarla təsdiqləməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə