YAP-ın yaranmasının 34-cü ildönümü - milli dövlətçilik, siyasi varislik və zəfər yolu - MƏQALƏ
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünü qeyd olunur. Bu əlamətdar gün təkcə siyasi təşkilatın yaradılmasının növbəti ildönümü deyil, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması, möhkəmlənməsi və inkişafı ilə sıx bağlı olan şərəfli tarixi yolun təntənəsidir.
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Azərbaycanın olduqca mürəkkəb ictimai-siyasi şəraitdə olduğu bir dövrdə yaradılmışdır. Həmin illərdə ölkəmiz siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, idarəetmə böhranı və ciddi təhlükəsizlik problemləri ilə üz-üzə idi. Dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi qarşıda duran ən mühüm məsələlər idi.
Belə bir tarixi şəraitdə xalqın böyük inam və etimad göstərdiyi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbi və ictimai-siyasi zərurət idi. Partiyanın təsis olunması təşəbbüsü ilə çıxış edən ziyalıların müraciəti və Naxçıvanda keçirilən təsis konfransı Azərbaycan siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və xalqla birliyi qısa müddətdə Yeni Azərbaycan Partiyasını ölkənin aparıcı siyasi qüvvəsinə çevirdi. Partiyanın əsas ideoloji prinsipləri milli dövlətçilik, müstəqillik, azərbaycançılıq, siyasi sabitlik və sosial ədalət kimi dəyərlər üzərində formalaşdı.
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində taleyüklü hadisə oldu. Ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı, iqtisadi və siyasi sabitliyin təmin olunması üçün mühüm qərarlar qəbul edildi. Azərbaycanın gələcək inkişafının təməli qoyuldu.
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer qazandı, iqtisadi müstəqilliyinin əsasları formalaşdı, ölkəmizin enerji strategiyası müəyyənləşdirildi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında və gələcək iqtisadi inkişafında mühüm rol oynadı.
Heydər Əliyev siyasi kursunun ən mühüm xüsusiyyətlərindən biri dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulması idi. Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlətin əsasını siyasi sabitlik, iqtisadi inkişaf, xalqın birliyi və milli həmrəylik təşkil edir. Bu gün Azərbaycanın qazandığı uğurların kökündə məhz həmin strateji baxış dayanır.
Ulu Öndərin siyasi irsinin qorunması və davam etdirilməsi müasir Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmiş, beynəlxalq nüfuzu və iqtisadi imkanları əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin müdafiə qabiliyyəti gücləndirilmiş, müasir ordu quruculuğu istiqamətində mühüm işlər görülmüş, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndirilmişdir.
Bu siyasətin ən möhtəşəm parlaq nümunəsi 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək xalqımızın çoxəsrlik tarixində yeni şanlı səhifə yazdı. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və xalq-iqtidar birliyinin təntənəsi idi.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək tarixinin yeni mərhələsinə qədəm qoydu.
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünü qeyd etdiyimiz bir vaxtda Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII Qurultaydakı çıxışına xüsusi diqqət yetirmək olduqca vacibdir.
Həmin qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması ilə xüsusi tarixi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı yalnız partiyanın gələcək fəaliyyət istiqamətlərini deyil, bütövlükdə Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran strateji vəzifələri müəyyənləşdirən proqram xarakterli nitq kimi yadda qaldı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli inkişaf yoluna nəzər salaraq ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin hansı siyasi iradə, iqtisadi imkanlar və məqsədyönlü dövlət siyasəti nəticəsində mümkün olduğunu diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bu gün tamamilə yeni reallıqlar şəraitində yaşayır və qarşıda duran vəzifələr də həmin reallıqlara uyğun müəyyən edilməlidir.
Dövlət başçısının diqqət çəkdiyi əsas məsələlərdən biri iqtisadi müstəqillik idi. Çünki iqtisadi cəhətdən güclü olmayan dövlətin siyasi və hərbi müstəqilliyini uzunmüddətli perspektivdə qoruması çətindir. Azərbaycanın öz iqtisadi imkanlarına əsaslanması, maliyyə resurslarını səmərəli idarə etməsi, sənaye və istehsal potensialını artırması, müdafiə sənayesini inkişaf etdirməsi dövlət müstəqilliyinin əsas dayaqlarıdır.
Prezidentin çıxışından aydın görünürdü ki, ölkəmizin qarşıdakı dövrdə əsas hədəflərindən biri iqtisadi dayanıqlığın daha da gücləndirilməsi, yerli istehsalın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və insan kapitalının inkişafıdır. Müasir dövrdə güclü dövlət olmaq üçün yalnız təbii resurslara deyil, eyni zamanda elmi potensiala, innovasiyalara, rəqabətqabiliyyətli iqtisadiyyata və yüksək ixtisaslı kadrlara sahib olmaq vacibdir.
VIII Qurultayda xüsusi vurğulanan digər mühüm istiqamət Azərbaycanın hərbi potensialının daha da artırılması idi. Prezident İlham Əliyev bildirdi ki, müharibənin başa çatması və ərazi bütövlüyünün bərpası müdafiə qabiliyyətinin gücləndirilməsi zərurətini aradan qaldırmır. Əksinə, müasir dünyada baş verən proseslər, geosiyasi dəyişikliklər və təhlükəsizlik çağırışları hər bir dövlətin daim güclü müdafiə imkanlarına malik olmasını tələb edir.
VIII Qurultayda diqqət yetirilən məsələlərdən biri də informasiya təhlükəsizliyi və ideoloji mübarizə idi. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin ictimai rəyə təsiri, dezinformasiya və informasiya manipulyasiyaları dövlətlər qarşısında yeni çağırışlar yaradır. Bu şəraitdə milli maraqların qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və vətəndaşların informasiya savadlılığının artırılması xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin çıxışından irəli gələn mühüm vəzifələrdən biri də ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Bu istiqamətdə partiya təşkilatlarının fəaliyyəti yalnız tədbirlərin keçirilməsi ilə məhdudlaşmamalı, cəmiyyətlə davamlı ünsiyyətə, maarifləndirməyə, milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsinə əsaslanmalıdır.
Qurultayda gənclərin ölkənin siyasi və ictimai həyatında roluna da xüsusi əhəmiyyət verilirdi. Gənclər hər bir dövlətin gələcəyini müəyyən edən əsas qüvvədir. Onların bilikli, savadlı, vətənpərvər və milli maraqlara bağlı vətəndaşlar kimi yetişdirilməsi dövlətin strateji prioritetlərindən biridir. Yeni Azərbaycan Partiyası da gənclərin siyasi proseslərdə iştirakının genişləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və idarəetmədə təmsilçiliyinin artırılması istiqamətində fəaliyyətini gücləndirməlidir.
Prezidentin çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının icrası da mühüm yer tuturdu. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycanın qarşısında yeni tarixi məsuliyyət yaranmışdır. Bu gün əsas vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi potensialının reallaşdırılması, müasir yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir.
Bu proses Qubadlı rayonu üçün də xüsusi əhəmiyyət daşıyır. Bu gün rayonumuzun gələcəyi, doğma yurda qayıdış, yeni yaşayış məntəqələrinin salınması, sosial və iqtisadi infrastrukturun qurulması hər bir qubadlının diqqət mərkəzindədir. Biz yaxşı bilirik ki, torpaqlarımızın azad edilməsi ilə başlayan tarixi prosesin növbəti mərhələsi həmin ərazilərdə davamlı həyatın bərpa olunmasıdır. Qubadlının yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışı dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir.
VIII Qurultayın ən mühüm siyasi mesajlarından biri də ondan ibarət idi ki, Yeni Azərbaycan Partiyası dəyişən dövrün çağırışlarına uyğun olaraq öz fəaliyyətini təkmilləşdirməli, müasir siyasi proseslərdə fəallığını artırmalı və cəmiyyətin bütün təbəqələri ilə daha sıx əlaqələr qurmalıdır.
Bu mənada VIII Qurultay Yeni Azərbaycan Partiyasının qarşısında yeni məsuliyyətlər müəyyənləşdirdi. Partiya üzvləri dövlət siyasətinin mahiyyətini dərindən dərk etməli, əldə edilmiş nailiyyətlərin qorunmasına, milli birliyin möhkəmləndirilməsinə və Azərbaycanın gələcək inkişafına öz töhfələrini verməlidirlər.
Yeni Azərbaycan Partiyasının 34 illik tarixi bir daha göstərir ki, bu siyasi təşkilatın gücü onun xalqla birliyində, milli maraqlara sadiqliyində və dövlətçilik prinsiplərinə bağlılığındadır. Partiya yarandığı gündən etibarən Azərbaycanın müstəqilliyinin qorunması, inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamışdır.
Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat kimi deyil, həm də ölkənin gələcək inkişafına töhfə verən böyük ictimai-siyasi qüvvə kimi fəaliyyət göstərir. Partiyanın qarşısında duran əsas vəzifələrdən biri dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin cəmiyyətə çatdırılması, vətəndaşların ictimai-siyasi fəallığının artırılması və milli həmrəyliyin möhkəmləndirilməsidir.
Bu istiqamətdə rayon və şəhər təşkilatlarının üzərinə də mühüm vəzifələr düşür. Yerli təşkilatlar əhali ilə daim təmasda olmalı, vətəndaşların müraciətlərinə həssas yanaşmalı, ictimai problemlərin öyrənilməsində və onların həllinə dəstək göstərilməsində fəal mövqe nümayiş etdirməlidirlər.
Qubadlı rayon təşkilatı olaraq bizim də əsas vəzifəmiz partiyanın ideoloji prinsiplərinə sadiq qalmaq, dövlət başçısının həyata keçirdiyi siyasətin mahiyyətini düzgün izah etmək, rayon ictimaiyyətinin fəallığını artırmaq və doğma yurdumuzun inkişafı ilə bağlı proseslərə töhfə verməkdir.
Bu gün qarşımızda dayanan əsas hədəf güclü, müstəqil, iqtisadi cəhətdən dayanıqlı, hərbi baxımdan qüdrətli və beynəlxalq nüfuzu daha da artan Azərbaycanın gələcəyinə xidmət etməkdir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və Yeni Azərbaycan Partiyasının bu istiqamətdə fəaliyyəti qarşıdakı illərdə də ölkəmizin yeni uğurlarına zəmin yaradacaqdır.
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi daim yaşasın, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan daha böyük nailiyyətlər qazansın!
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB