“İtkinlərin taleyinə aydınlıq gətirilməsi davamlı sülh və qarşılıqlı etimadın əsas şərtidir” - ŞƏRH
“İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi həqiqətən də ciddi suallar doğurur. Otuz ildən artıqdır ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə azərbaycanlının taleyi naməlum olaraq qalır”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, 4 mindən artıq vətəndaş itkin düşmüş şəxs kimi qeydə alınıb:
”Onlardan 328 nəfərin şəxsiyyəti sonradan müəyyən edilib, lakin minlərlə insanın taleyi hələ də aydınlaşdırılmayıb. Bu rəqəmlərin arxasında onilliklərdir yaxınlarının yolunu gözləyən ailələrin faciəsi dayanır.
Belə bir şəraitdə Ermənistanın beynəlxalq konfrans təşkil edərək özünü itkin ailələrinin problemlərinə həssas yanaşan və humanitar əməkdaşlığa açıq dövlət kimi təqdim etməsi bir sıra ziddiyyətlər yaradır. Əlbəttə, itkin düşmüş şəxslərin taleyinin araşdırılması universal humanitar məsələdir və hər iki ölkənin vətəndaşlarına münasibətdə eyni prinsiplər tətbiq edilməlidir. Lakin Ermənistanın humanitar dialoqla bağlı bəyanatlarının inandırıcılığı ilk növbədə Azərbaycan tərəfinin uzun illərdir tələb etdiyi məlumatların açıqlanmasından asılıdır. Xüsusilə kütləvi məzarlıqların yerləri, dəfn faktları və əsir-girov götürülmüş şəxslərin sonrakı taleyi barədə məlumatların təqdim edilməsi vacibdir.
Prezident İlham Əliyevin dəfələrlə diqqətə çatdırdığı kimi, itkinlərin taleyinə aydınlıq gətirilməsi sülh prosesinin ayrılmaz hissəsi olmalıdır. Bu məsələdə Ermənistanın üzərinə düşən humanitar və hüquqi məsuliyyət mövcuddur. Beynəlxalq humanitar hüquq münaqişə tərəflərinin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün mümkün olan bütün tədbirləri görməsini tələb edir. Buna görə də beynəlxalq konfrans təşkil edən Ermənistan ilk növbədə konkret məlumatların Azərbaycana verilməsini təmin etməlidir.
Bu konfransda yeganə diqqətəlayiq məqam odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan konfransda Azərbaycanla əməkdaşlığın problemin həlli üçün ən effektiv vasitə olduğunu etiraf edib. Ermənistan tərəfi Azərbaycandan işçi təklif aldığını, öz təkliflərini də təqdim edəcəyini bildirib.
Azərbaycan-Ermənistan sülh gündəliyində itkinlərin taleyinə aydınlıq gətirilməsi formal humanitar mövzu deyil, qarşılıqlı etimadın və davamlı sülhün əsas şərtlərindən biridir. İrəvanda keçirilən konfransın əsl nəticəsi onun iştirakçılarının bəyanatları ilə deyil, təqdim ediləcək məlumatların dolğunluğu, kütləvi məzarlıqların müəyyənləşdirilməsi və ailələrin illərdir gözlədiyi cavabların əldə olunması ilə ölçülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB