Vyetnam xalqının müstəmləkəçiliyə və işğala qarşı mübarizəsini əks etdirən Hərb Tarixi Muzeyi
Bəşər tarixində baş verən müharibələr, istilalar hər zaman xalqların tarixinə qara hərflərlə yazılıb. Vyetnam xalqı da müxtəlif dövrlərdə işğalçılardan az çəkməyib. Paytaxt Hanoydakı Hərb Tarixi Muzeyində nümayiş etdirilən eksponatlar nəinki vyetnamlılara, ümumiyyətlə insanlığa qarşı törədilən utancverici faktları özündə əks etdirir.
Vyetnam xalqının lideri Ho Şi Minin təşəbbüsü ilə yaradılmış muzey ordu quruculuğuna və xalqın müxtəlif dövrlərdə yadellilərə qarşı mübarizəsinə həsr olunub. Rəsmi olaraq 1959-cu ildə - Xalq Ordusunun yaradılmasının 15-ci il dönümündə fəaliyyətə başlayan muzey 2024-cü ildə təxminən 39 hektar ərazini əhatə edən yeni məkana köçürülüb.
SİA xəbər verir ki, yeni kompleks açıq və qapalı məkanlardan ibarətdir. Ümumilikdə 150 mindən çox artefaktın nümayiş olunduğu muzeyin açıq məkanında hündürlüyü 45 metr olan Zəfər qülləsi və eksponat nümayiş zonası yerləşir. Açıq məkanda Vyetnam ordusunun istifadə etdiyi SSRİ və Çin istehsalı olan silah və texnika ilə yanaşı, döyüşlərdə düşmənlərdən qənimət kimi ələ keçirilmiş silah və texnika, o cümlədən tank, təyyarə, helikopter, artilleriya və raket sistemləri nümayiş olunur.
Qapalı məkan tarixi xronologiya üzrə 6 bölmədən ibarətdir. Muzeyin xüsusilə 1858-1954-cü illəri əhatə edən fransız müstəmləkəçiliyinə qarşı mübarizə dövrünə və 1954-1975-ci illər Vyetnam müharibəsi illərinə aid bölmələrinə odlu və soyuq silahlar, əsgərlərin fərdi əşyaları, sənədlər, şəkillər, videomateriallar nümayiş etdirilir. Burada hər bir eksponat müstəmləkəçiliyin, işğalın, istilanın Vyetnam xalqının tarixində buraxdığı heç vaxt unudulmayacaq acı izləri xatırladır.
Hərb Tarixi Muzeyi Vyetnamın milli əhəmiyyətli 7 əsas muzeyindən biridir. Hər gün yüzlərlə yerli və əcnəbi turist muzeyi ziyarət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB