"Azərbaycanın inkişaf tarixində YAP-ın yaranması xüsusi əhəmiyyət daşıyır" - MÖVQE

"Azərbaycanın inkişaf tarixində YAP-ın yaranması xüsusi əhəmiyyət daşıyır" - MÖVQE

"Yeni Azərbaycan Partiyasının yaranması müasir Azərbaycan tarixinin mühüm hadisələrindən biridir. 1992-ci ildə, ölkəmizin mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərdən keçdiyi bir dövrdə yaradılan YAP həmin mərhələdə cəmiyyətdə mövcud olan siyasi gözləntilərin və yeni siyasi qüvvəyə olan ehtiyacın nəticəsi idi".

Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və gələcək inkişafı ciddi sınaqlarla üz-üzə idi. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

YAP-ın tarixindən danışarkən onun Azərbaycanın müstəqillik dövründə baş verən mühüm siyasi və ictimai proseslərdəki rolunu xüsusi qeyd etmək lazımdır. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və ölkənin iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı.

Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu inkişaf xətti davam etdirildi, Azərbaycanın beynəlxalq mövqeləri daha da gücləndi.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindəndir. Bu proseslər ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu və bütün bu qələbələri Azərbaycan xalqına bəxş edən Cənab Prezident İlham Əliyev oldu.

Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi yalnız bir siyasi təşkilatın yaranma tarixini qeyd etmək deyil, eyni zamanda Azərbaycanın müstəqillik illərində keçdiyi siyasi və ictimai inkişaf yoluna nəzər salmaq üçün də əhəmiyyətli fürsətdir.

Bu gün hər bir siyasi təşkilat kimi YAP-ın da qarşısında yeni dövrün çağırışlarına uyğunlaşmaq, xüsusilə gənclərlə işi gücləndirmək, müasir kommunikasiya imkanlarından daha effektiv istifadə etmək və cəmiyyətlə dialoqu genişləndirmək kimi vəzifələr dayanır və YAP bu işin öhdəsindən uğurla gəlir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə