Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) rekord irəliləyiş əldə edərək, 2024-cü ildəki mövqeyi ilə müqayisədə 36 pillə yüksəlib və dünya üzrə 38-ci yerdə qərarlaşıb. Bu barədə BMT-nin 2026-cı il noyabrın 19-da açıqladığı hesabatda bildirilib.
SİA İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, ölkənin EGDI üzrə ümumi göstəricisi 2024-cü ildəki 0,7607-dən 16,3 faiz artaraq 0,8847-yə çatıb. Beləliklə, Azərbaycan “Çox yüksək EGDI” kateqoriyasında mövqeyini daha da gücləndirərək, Avstriya, Yaponiya, Kanada və İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna daxil olub.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən iki ildən bir hazırlanan Elektron Hökumətin İnkişafı İndeksi ölkələrin rəqəmsal dövlət idarəçiliyi sahəsində əldə etdiyi irəliləyişi üç əsas komponent üzrə qiymətləndirir: Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI). 2026-cı il hesabatında rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, həyatın əsas mərhələlərinə uyğunlaşdırılmış xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər də nəzərə alınıb.
Azərbaycan 2026-cı il qiymətləndirməsində hər üç komponent üzrə irəliləyiş nümayiş etdirib. Ən yüksək nəticə isə Onlayn Xidmətlər İndeksi üzrə qeydə alınıb. Belə ki, ölkə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünya üzrə 11-ci sıraya yüksəlib.
Onlayn Xidmətlər İndeksi rəqəmsal dövlət xidmətlərinin inkişafını beş altindeks üzrə ölçür: institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmun təminatı, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunması.
Azərbaycanın onlayn xidmətlər sahəsindəki göstəriciləri Böyük Britaniya (12-ci yer), İslandiya (16-cı yer), ABŞ (18-ci yer), Kanada (20-ci yer), Norveç (22-ci yer) və Avstraliya kimi bir sıra Avropa və yüksək gəlirli ölkələrin nəticələrini üstələyib.
Ölkə xidmətlərin təqdim edilməsi altindeksi üzrə dünyada 10-cu, institusional çərçivə altindeksi üzrə isə birinci yerdə qərarlaşıb. Xidmətlərin təqdim edilməsi üzrə Azərbaycan ümumi EGDI reytinqində 8-ci yerdə olan Estoniya ilə 10-cu yeri bölüşüb.
BMT-nin indeksində əldə olunan rekord nəticə Azərbaycanda genişmiqyaslı rəqəmsallaşma təşəbbüslərinin həyata keçirildiyi bir dövrə təsadüf edir. Hökumət rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib, bu sahədə strateji və institusional çərçivə formalaşdırıb, dövlət qurumları arasında koordinasiyanı gücləndirib. Bu addımlar rəqəmsal dövlət idarəçiliyinin inkişafında mühüm rol oynayıb.
Prezident İlham Əliyevin bu sahəyə davamlı diqqəti də rəqəmsal transformasiyaya sistemli yanaşmanın formalaşmasında əsas amillərdən biri olub. Bu təşəbbüslərə dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə, eləcə də Rəqəmsal İnkişaf Konsepsiyası və Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı kimi strateji sənədlərin qəbul edilməsi daxildir.
Qanunvericilik sahəsində də vençur maliyyələşməsinin və kraudfandinqin təşviqi, informasiya və kommunikasiya texnologiyaları şirkətləri və startapların fəaliyyətinin dəstəklənməsi, stimullaşdırıcı mexanizmlərin genişləndirilməsi, həmçinin texnoparkların fəaliyyətini tənzimləyən hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb.
Bütün bu tədbirlər Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını, məlumat infrastrukturlarının inkişafını, süni intellektin tətbiqini, kibertəhlükəsizliyi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını əhatə edən daha kompleks yanaşmanın formalaşmasına imkan yaradıb.
Bu prioritetlərin həyata keçirilməsinin əlaqələndirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurası mühüm rol oynayır. Şuranın fəaliyyəti dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, siyasi qərarların uzlaşdırılmasına və strateji təşəbbüslərin icrasının sürətləndirilməsinə xidmət edir. Nəticədə rəqəmsal inkişaf konkret nəticələrə və vətəndaşlar, eləcə də biznes subyektləri üçün xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlmiş vahid dövlət siyasətinin tərkib hissəsinə çevrilir.
Dövlət qurumları ictimai xidmətlərin yenidən qurulması, tamamilə onlayn formata keçirilməsi və vahid platforma üzərindən əlçatanlığının təmin edilməsi istiqamətində səylərini davam etdirirlər. Bu prosesin əsas vasitələrindən biri müxtəlif dövlət qurumlarının xidmətlərini vahid rəqəmsal mühitdə birləşdirən “mygov” platformasıdır. Platforma vətəndaşların xidmətlərə daha asan və sürətli çıxışını təmin edir.
“Bir pəncərə” prinsipi əsasında yanaşma dövlət xidmətlərinin daha inteqrasiya olunmuş və proaktiv model üzrə inkişafına şərait yaradır. Eyni zamanda, “digital.bridge” vasitəsilə dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi, rəqəmsal sənəd dövriyyəsinin tətbiqi və kağızsız hökumət prinsiplərinin inkişafı Azərbaycanın rəqəmsal dövlət ekosisteminin formalaşmasında mühüm rol oynayıb.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən hər iki ildən bir dərc olunan Elektron Hökumətin İnkişafı İndeksi rəqəmsal dövlət idarəçiliyi sahəsində ölkələrin tərəqqisini qiymətləndirən əsas beynəlxalq göstəricilərdən biridir. Builki indeks 194 ölkəni əhatə edib və onları üç əsas komponent – onlayn xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı üzrə qiymətləndirib.
Ümumi göstəricilərinə əsasən ölkələr dörd kateqoriyaya bölünür: aşağı, orta, yüksək və çox yüksək EGDI. İndeks rəqəmsal dövlət idarəçiliyində əldə olunan irəliləyişi izləməyə, beynəlxalq müqayisələr aparmağa və əlavə təkmilləşdirmə tələb edən sahələri müəyyənləşdirməyə imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB