2027-ci ildə manatın dollara nisbətdə məzənnəsi ilə bağlı proqnozlar necədir? -EKSPERT DANIŞDI
2027-ci il üçün dövlət büdcəsində ABŞ dollarının məzənnəsinin 1,70 manat səviyyəsində götürülməsi hökumətin mövcud məzənnə sabitliyinin qorunacağına dair gözləntilərini əks etdirir. Azərbaycanın kifayət qədər böyük valyuta ehtiyatlarına malik olması da milli valyutanın məzənnəsinin qorunmasında mühüm amil hesab olunur. Bununla belə, manatın gələcək məzənnə sabitliyi bir sıra iqtisadi göstəricilərdən asılıdır.
SİA xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti, Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlər, ölkəyə daxil olan xarici valyutanın həcmi və tədiyyə balansının vəziyyəti manatın məzənnəsinə təsir göstərən əsas amillərdəndir:
“İqtisadçı qeyd edib ki, devalvasiya riskini artıra biləcək başlıca amillərdən biri neft və qaz gəlirlərinin azalmasıdır. Azərbaycanın valyuta daxilolmalarının əhəmiyyətli hissəsinin enerji sektorundan formalaşması bu asılılığı daha da aktuallaşdırır. Neftin qiymətinin uzun müddət aşağı düşməsi, ixrac gəlirlərinin azalması və idxala tələbatın artması valyuta bazarında təzyiq yarada bilər. Eyni zamanda, qeyri-neft sektorunun ixrac potensialının zəif qalması da mövcud asılılığın davam etməsinə səbəb olur.
Akif Nəsirli vurğulayıb ki, hazırkı şəraitdə əsas məsələ yalnız manatın məzənnəsini qorumaq deyil, həm də əhalinin milli valyutaya inamını möhkəmləndirməkdir. Bunun üçün inflyasiyanın nəzarətdə saxlanılması, manatla əmanətlərin gəlirliliyinin qorunması və bank sistemində etibarlı yığım mexanizmlərinin inkişaf etdirilməsi vacibdir. Əmanətlərin sığortalanması da vətəndaşların banklardakı vəsaitlərinin qorunmasında mühüm rol oynayır.
O bildirib ki, manatın 2027-ci ildə də 1,70 səviyyəsində saxlanılması üçün iqtisadi və maliyyə imkanları mövcuddur. Lakin uzunmüddətli məzənnə sabitliyini yalnız valyuta ehtiyatları hesabına təmin etmək mümkün deyil. Bunun üçün qeyri-neft ixracı artırılmalı, iqtisadiyyatın şaxələndirilməsi sürətləndirilməli və ölkənin xarici valyuta gəlirlərinin mənbələri genişləndirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB