Dörd boksçumuz Avropa çempionatının 1/4 finalında!

Dörd boksçumuz Avropa çempionatının 1/4 finalında!

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha dörd idmançısının hər biri mərhələ adlayıb.

Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionu 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.

Zidan Hünbətov (55 kq) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər üç raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.

Son iki boksçunun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü bir gün sonra olacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə