İşəgötürən əməkdaşı gecə saatlarında işə cəlb edərsə, ona əlavə əməkhaqqı ödəməyə borcludurmu? - VƏKİL AÇIQLADI

İşəgötürən əməkdaşı gecə saatlarında işə cəlb edərsə, ona əlavə əməkhaqqı ödəməyə borcludurmu? - VƏKİL AÇIQLADI

Azərbaycanda bəzi işçilər əmək müqaviləsində nəzərdə tutulan iş saatlarından əlavə, gecə saatlarında da işləməyə cəlb olunurlar. Xüsusilə xidmət, istehsalat, mühafizə və digər sahələrdə gecə növbəsində çalışanların əməkhaqqının necə hesablanması aktual məsələlərdən biridir. Bəs işəgötürən əməkdaşı gecə saatlarında işə cəlb edərsə, ona əlavə əməkhaqqı ödəməyə borcludurmu? Gecə işinə görə əlavə ödəniş hansı qaydada hesablanır?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov SİA-ya açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, gecə saatlarında çalışan işçilərə əlavə əməkhaqqı ödənilməlidir.

Onun sözlərinə görə, Əmək Məcəlləsinin 97-ci maddəsinin birinci hissəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı hesab edilir:

“İşçinin gecə saatlarında əmək fəaliyyətinə cəlb olunması onun əməkhaqqına əlavə ödəniş edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli ‘Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqının həddinin müəyyən edilməsi barədə’ qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həcmində əlavə haqq müəyyən edilir. Çoxnövbəli iş rejimində çalışan əməkdaşlar üçün isə əlavə ödənişin məbləği növbədən asılı olaraq fərqlənir.

Çoxnövbəli iş rejiminin axşam növbəsində işlənilən hər saata görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində işlənilən hər saata görə isə 40 faizi həcmində əlavə haqq nəzərdə tutulur. Bu o deməkdir ki, gecə növbəsində çalışan işçilərin əməkhaqqı hesablanarkən qanunvericilikdə müəyyən edilmiş əlavələr də nəzərə alınmalıdır. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə əməkhaqqı hesablanarkən əvvəlcə işçinin saatlıq vəzifə maaşı müəyyən edilməlidir. Bunun üçün aylıq vəzifə maaşı ödənişin aparıldığı ay üzrə iş vaxtı normasına bölünür. Alınan məbləğ əsasında gecə saatlarında işlənilmiş hər saata görə müvafiq faizlə əlavə ödəniş hesablanır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə