“Elektrik avtomobillərinə tətbiq edilən vergilər yenidən nəzərdən keçirilməlidir“ -FAZİL MUSTAFA

“Elektrik avtomobillərinə tətbiq edilən vergilər yenidən nəzərdən keçirilməlidir“ -FAZİL MUSTAFA

Azərbaycanda elektrik avtomobillərinin idxalına vergi tətbiq edilməsi bu nəqliyyat vasitələrinin qiymətlərinin artmasına və ölkəyə gətirilən avtomobillərin sayının azalmasına səbəb ola bilər. Halbuki bir çox ölkələrdə elektrik avtomobillərinin istifadəsini təşviq etmək məqsədilə müxtəlif vergi güzəştləri tətbiq olunur. Bu baxımdan vergi siyasətinin iqtisadi və ekoloji məqsədlərlə uzlaşdırılması vacibdir.

SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, elektrik avtomobillərinə vergi tətbiqinin dövlət büdcəsinə ciddi gəlir gətirməsi gözlənilmir. Əksinə, bu qərar onların satışına, texniki xidmət sahəsinə və əlaqəli iş yerlərinə mənfi təsir göstərə bilər.

Fazil Mustafa qeyd edib ki, elektrik avtomobillərinin idxalının azalması nəticəsində bazarda benzin və dizel yanacağı ilə işləyən avtomobillərin üstünlüyü davam edə bilər. Eyni zamanda, yüksək vergilər bəzi şirkətləri müxtəlif yollarla vergi öhdəliklərindən yayınmağa sövq edə bilər ki, bu da iqtisadi münasibətlərdə arzuolunmaz hallara yol açır.

O, həmçinin kənd təsərrüfatı sahəsində vergi güzəştlərinin genişləndirilməsinin və qeyri-neft sektorunun potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb. Deputatın fikrincə, turizm sektorunda Azərbaycanın mövcud imkanlarından düzgün istifadə olunması, Gürcüstan və Türkiyə kimi ölkələrin təcrübəsinin öyrənilməsi dövlət büdcəsinin gəlirlərini artırmaq üçün əlavə imkanlar yarada bilər.

Fazil Mustafa bildirib ki, vergi siyasəti formalaşdırılarkən yalnız büdcəyə daxilolmalar deyil, iqtisadi fəallığın, istehsalın, sahibkarlığın və yeni iş yerlərinin artması da əsas meyar kimi nəzərə alınmalıdır. Bu yanaşma həm dövlət büdcəsinin imkanlarının genişlənməsinə, həm də əhalinin sosial rifahının yüksəlməsinə töhfə verə bilər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə