"İnflyasiya amili nəzərə alındıqda, bank faizlərinin real gəlirliliyi aşağı düşə bilər" - İQTİSADÇI

"İnflyasiya amili nəzərə alındıqda, bank faizlərinin real gəlirliliyi aşağı düşə bilər" - İQTİSADÇI

"Azərbaycanda əhalinin yığımlarını banklarda saxlamaq, daşınmaz əmlaka yatırmaq və ya biznesə yönəltmək arasında seçim edərkən ilk növbədə gəlirlilik, risk və vəsaitin likvidliyi nəzərə alınmalıdır. Bu variantların hər birinin öz üstünlükləri və çatışmazlıqları var".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bank əmanətləri nisbətən sabit və proqnozlaşdırıla bilən gəlir əldə etməyə imkan verir:

"Bundan əlavə, əmanətlərin sığortalanması mexanizmi müəyyən həddə qədər əmanətçilərin risklərini azaldır. Lakin inflyasiya amili nəzərə alındıqda, bank faizlərinin real gəlirliliyi aşağı düşə bilər.

Digər tərəfdən, daşınmaz əmlak uzunmüddətli investisiya vasitəsi kimi cəlbediciliyini qoruyur. Bununla belə, bu sahəyə investisiya qoymaq üçün böyük ilkin kapital tələb olunur. Eyni zamanda, daşınmaz əmlakın qısa müddətdə pula çevrilməsi çətindir və qiymətlərin hər zaman artacağına zəmanət yoxdur. Təmir, kommunal və digər saxlanma xərcləri də investisiyanın ümumi gəlirliliyinə təsir göstərir.

Biznesə investisiya qoymaq isə daha yüksək gəlir əldə etmək imkanı yaratsa da, bu istiqamətdə risklər də kifayət qədər böyükdür. Uğurlu nəticə əldə etmək üçün bazarı yaxşı tanımaq, idarəetmə bacarığına və düzgün biznes modelinə malik olmaq vacibdir. Hər bir biznes təşəbbüsü uğurla nəticələnmir və yanlış qərarlar illərlə toplanmış kapitalın itirilməsi ilə nəticələnə bilər.

İqtisadi baxımdan əsas məsələ əhalinin bütün yığımlarını yalnız bir istiqamətə yönəltməməsidir. Vəsaitlərin müəyyən hissəsinin banklarda saxlanılması maliyyə təhlükəsizliyini təmin edir, digər hissəsinin daşınmaz əmlaka və məhsuldar biznes layihələrinə yatırılması isə kapitalın iqtisadi dövriyyəyə cəlb olunmasına şərait yaradır.

Əslində, ölkə iqtisadiyyatı üçün əhalinin vəsaitlərinin sadəcə yığım şəklində qalması deyil, istehsala, xidmət sektoruna və yeni iş yerlərinin yaradılmasına yönəldilməsi daha geniş iqtisadi fayda yarada bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə