“YAP dövlət müstəqilliyinin və milli dövlətçilik qürurunun möhkəmləndirilməsinə töhfə verir” -MİLLƏT VƏKİLİ
“Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövlətçiliyinin mürəkkəb və taleyüklü bir dövründə formalaşdı. Həmin vaxt Azərbaycanın dövlət müstəqilliyi bərpa olunsa da, hakimiyyətdə bir-birini əvəz edən siyasi qüvvələr ölkə qarşısında duran problemləri həll etmək əvəzinə, mövcud böhranı daha da dərinləşdirirdilər”.
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, Ermənistanın hələ sovet dövründən başlayan Azərbaycana qarşı təcavüzkar siyasəti, xalqın böyük oğlu Heydər Əliyevin uzun müddət böyük siyasətdən uzaqlaşdırılması ölkənin həm müstəqillik ərəfəsində, həm də müstəqilliyin bərpasından sonrakı vəziyyətini ağırlaşdırırdı:
”Torpaqlarımız işğal olunur, cəmiyyətdə milli birlik və həmrəylik zəifləyir, iqtisadi tənəzzül dərinləşir, təbii sərvətlərimizin və milli maraqlarımızın təhlükə altına düşdüyü aydın görünürdü.
Belə bir şəraitdə Azərbaycan xalqı nəzərlərini Naxçıvana – ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sabitliyin qorunduğu, inkişaf və gələcəyə inamın formalaşdığı bölgəyə yönəltdi. Müxtəlif təbəqələri təmsil edən ziyalılar və ictimaiyyət nümayəndələri Heydər Əliyevin böyük siyasətə qayıtmasını və yeni siyasi qüvvəyə rəhbərlik etməsini istəyirdilər.
Uzun düşüncələrdən sonra ulu öndər 91 nəfər görkəmli Azərbaycan ziyalısının “Səs” qəzeti vasitəsilə ünvanladığı müraciətə müsbət cavab verdi. O, cavab məktubunda siyasi fəaliyyətə qayıdışının və yeni partiyaya rəhbərlik etməsinin əsas məqsədinin şəxsi siyasi ambisiyalar deyil, Azərbaycanın qarşısında dayanan taleyüklü problemlərin həllinə töhfə vermək olduğunu ifadə etdi. Bu baxışlar ölkənin xilasına, dövlətçiliyin möhkəmləndirilməsinə və milli birliyin təmin olunmasına hesablanmış siyasi strategiyanın əsasını təşkil edirdi.
Yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə geniş xalq dəstəyi qazandı və yüz minlərlə insanın birləşdiyi siyasi təşkilata çevrildi. Cəmiyyətin müxtəlif təbəqələri bu partiyada Azərbaycanın böhrandan çıxış yolunu, problemlərin həllinə qadir güclü siyasi qüvvəni görürdülər. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışından sonra da Yeni Azərbaycan Partiyası fəaliyyətini yalnız hakim siyasi təşkilat kimi deyil, cəmiyyətlə sıx əlaqələr quran, milli həmrəyliyin möhkəmləndirilməsinə və siyasi maarifləndirməyə töhfə verən qüvvə kimi qurdu. Partiyanın əsas prioritetlərindən biri cəmiyyətlə dialoqu genişləndirmək, milli birlik ideyasını gücləndirmək və dövlətçilik maraqlarını ön plana çəkmək idi.
Zaman keçdikcə Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə edən geniş siyasi təşkilata çevrildi. Seçkilərdə qazandığı uğurlar nəticəsində partiyanın namizədləri parlamentdə və bələdiyyələrdə təmsil olunaraq xalqın mənafeyinə xidmət etmək missiyasını üzərlərinə götürdülər. Ulu öndər Heydər Əliyevin, daha sonra isə onun siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin partiyaya rəhbərlik etməsi YAP-ın həm tarixi köklərinə sadiq, həm də gələcəyə istiqamətlənən güclü siyasi təşkilat kimi formalaşmasına zəmin yaratdı.
Bu gün 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası cəmiyyətin müxtəlif sahələrində öz təmsilçiliyini təmin edir. Partiya Milli Məclisdə və bələdiyyələrdə xalqın maraqlarının ifadə olunmasına töhfə verir, beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, dövlətimizin qüdrətinin artırılması və vətəndaşlarda müstəqil dövlətin vətəndaşı olmaq qürurunun gücləndirilməsi istiqamətində öz siyasi fəaliyyətini davam etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB