"Tolerantlıq cəmiyyətin inkişafı və insanlar arasında qarşılıqlı hörmətin əsas şərtidir" - SOSİOLOQ

"Tolerantlıq cəmiyyətin inkişafı və insanlar arasında qarşılıqlı hörmətin əsas şərtidir" - SOSİOLOQ

"Tolerantlıq son 50 ildə bəşəriyyətin ən çox istifadə etdiyi anlayışlardan biridir. Əslində, bu və ya digər dərəcədə bütün dinlər, fəlsəfə, müəyyən mənada ədəbiyyat və incəsənətin özü tolerantlığı hər zaman təbliğ edib".

Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bilirsiniz ki, İsa peyğəmbərdən gələn belə bir fikir var: «Yaxınını özün kimi sev». Yaxud qədim Şərq fəlsəfəsində, Mövlanə Ruminin yaradıcılığında rast gəldiyimiz «Nə edirsən et, mənə qayıt, səni bağışlayaram» fikri də tolerantlıq anlayışını ifadə edir:

"Nəsiminin, Nizaminin və digər mütəfəkkirlərin əsərlərində ülvi hissləri və tolerantlığı tərənnüm edən çoxsaylı fikirlər var. Hətta Nəsimi hürufilik fəlsəfəsinin əsas ideyalarını öz fəlsəfi poeziyasında xüsusi xətt kimi təqdim edirdi. O, insanı Tanrının simasında, daha doğrusu, Tanrının zərrəsi hesab edir, eyni zamanda Allahı insanın simasında göstərirdi.

Əlbəttə, tolerantlıq getdikcə ictimai, sosial, mədəni və siyasi düşüncə tərzinə çevrildi. XXI əsrdə bu anlayışa daha çox ehtiyac duyuldu. Bu baxımdan həm lokal, həm də qlobal mənada tolerantlıq bizi elə bir mərhələyə gətirib çıxardı ki, artıq onun humanitar səviyyədə mövcudluğundan danışırıq.

Tolerantlıq nədir? Müxtəlif etnik, dini, dil və digər inanclara, fərqli mədəniyyətlərə sahib olan insanların, cəmiyyətlərin, toplumların, ölkələrin, millətlərin və xalqların bir-birinə qarşı dözümlü olması, bir-birindən öyrənməsi, qarşılıqlı dəyərlərə hörmət və ehtiramla yanaşması, adət-ənənələrə xüsusi önəm verməsi və bu dəyərləri təbliğ etməsi tolerantlığın əsas nüvəsini təşkil edir.

Lokal mənada isə, əlbəttə ki, insanlar bir-birinə qarşı hörmətlə yanaşmalıdırlar. Gündəlik həyatda, fəaliyyət zamanı, işdə, eləcə də sosial şəbəkələrdə hər kəs digərinin düşüncəsinə, inancına və fərqliliyinə hörmət etməlidir.

Əlbəttə, radikal tolerantlıq anlayışı da var. Bilirsiniz ki, bəzi yanaşmalar cinsi ayrı-seçkiliyə qarşı çıxmaqla yanaşı, eynicinsli münasibətləri də təbliğ edir. Lakin bu mövzu Azərbaycan və Şərq cəmiyyəti üçün xarakterik olmadığından, hazırda bu barədə danışmırıq. Biz daha çox tolerantlığın bir neçə yeni forması haqqında danışa bilərik. Onlardan biri də virtual tolerantlıqdır.

Virtual tolerantlıq sosial şəbəkələrdə, internetdə və yeni mediada insanlara, cəmiyyətlərə, xalqlara və mədəniyyətlərə hörmətlə yanaşmaq, dini inanclara və dini baxışlara görə insanları fərqləndirməmək, onları təqib etməmək kimi məsələləri əhatə edir. Bu, tolerantlığın əsas prinsiplərindən biri hesab olunur.

Azərbaycan tarixən də, bu gün də tolerantlığın mərkəzlərindən biri sayılır. Bilirsiniz ki, Azərbaycan həm Şərqlə Qərbin, həm Avropa ilə Asiyanın qovuşduğu, İpək Yolu üzərində yerləşən, eyni zamanda xristianlıq, İslam, atəşpərəstlik, eləcə də yəhudilik kimi dini inancları özündə birləşdirən, müxtəlif xalqların və mədəniyyətlərin yanaşı yaşadığı ölkə kimi tanınır. Bu müxtəlifliyə hörmət əsasında özünəməxsus Azərbaycan mədəniyyətini formalaşdırıb.

Multikulturalizm və tolerantlıqla bağlı dəyərlərimiz, uğurlarımız və nailiyyətlərimiz artıq dünyada BMT və UNESCO tərəfindən digər xalqlara, ölkələrə, eləcə də münaqişə vəziyyətində olan tərəflərə nümunə kimi göstərilir və bu təcrübədən bəhrələnmək tövsiyə olunur.

Bu baxımdan Azərbaycanda tolerantlıq qlobal, bəşəri və planetar səviyyədə sürətlə inkişaf edib və digər xalqlara, millətlərə də bir növ nümunə kimi təqdim olunub.

Amma biz bir-birimizə qarşı nə dərəcədə tolerantıq? Hətta Azərbaycanda yaşayan xalqların bir-birinə qarşı tolerantlığı Qarabağ müharibəsində, xüsusilə İkinci Qarabağ müharibəsində də özünü göstərdi. Belə ki, qələbə qazananların sırasında Azərbaycan türkləri ilə yanaşı, talışlar, ləzgilər, avarlar, yəhudilər, ruslar və digər etnik azlıqların nümayəndələri də iştirak edirdilər. Bu, çox mühüm məqamdır. Çünki bu fakt dövlət səviyyəsində Azərbaycanın tolerant mədəniyyətə və özünəməxsus kulturoloji yaşam tərzinə malik olduğunu nümayiş etdirir.

Amma digər tərəfdən, insanlar bir-birinə qarşı nə dərəcədə tolerantdırlar? Müxtəlif vaxtlarda toylarda, yas mərasimlərində, ictimai yerlərdə və restoranlarda bir-birinə qarşı tolerant olmayan, bir-birini qəbul etməyən insanların münaqişələrinin şahidi oluruq. Bu cür hallar həm cəmiyyət, həm həmin insanlar, həm də hüquq-mühafizə orqanları üçün problemlər yaradır.

Son bir neçə ayda restoranlarda baş verən və ölümlə nəticələnən bir sıra dava-dalaş və münaqişələrin şahidi olmuşuq. Eyni zamanda, gündəlik həyatda sürücü ilə sərnişin arasında yaranan problemlər, müxtəlif avtomobillərin sürücüləri arasında mübahisələr, yol hərəkəti qaydalarını pozanlara, daha doğrusu, bu qaydalara riayət etməyən şəxslərə qarşı nümayiş etdirilən dözümsüz münasibətlər də diqqət çəkir.

Ümumiyyətlə, tolerantlıq çox müsbət keyfiyyətdir. Diqqətli olmaq, nəzakət göstərmək, ictimai dəyərlərə önəm vermək, digər insanlara, cəmiyyətlərə və mədəniyyətlərə xüsusi hörmətlə yanaşmaq mütləqdir. Bunlar olmadan dünya daha da mürəkkəb vəziyyətə düşəcək. Onsuz da dünyada müxtəlif konfliktlər və münaqişələr mövcuddur. Əgər biz həm öz aramızda, həm də müxtəlif ölkələr arasında qeyri-tolerant davranışlar nümayiş etdirməyə, hörmətsizlik göstərməyə davam etsək, bu halların daha da genişlənməsinin və güclənməsinin şahidi olacağıq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə