“2032-ci ilədək Azərbaycanda 8 giqavat bərpaolunan enerji gücü yaradılacaq” - Sadiq Qurbanov
Azərbaycanda 2030-cu ilədək 6 giqavat, 2032-ci ilədək isə 8 giqavat bərpaolunan enerji gücünün yaradılması hədəflənir.
SİA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, təqdim olunan büdcə layihəsi mürəkkəb beynəlxalq iqtisadi şəraitdə ölkənin maliyyə dayanıqlılığının qorunması, sosial öhdəliklərin yerinə yetirilməsi, müdafiə və təhlükəsizlik ehtiyaclarının maliyyələşdirilməsi, eləcə də iqtisadi inkişafın davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti ənənəvi enerji resurslarından səmərəli istifadəni, bərpaolunan enerji mənbələrinin inkişafını və Azərbaycanın regional enerji əməkdaşlığında rolunun genişləndirilməsini əhatə edir.
S.Qurbanov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi bu siyasətin əsas istiqamətlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 38 kiçik su elektrik stansiyasının 2025-ci ildə 750 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəticəsində 160 milyon kubmetr təbii qaza qənaət olunub və 280 min ton karbon emissiyasının qarşısı alınıb.
Onun sözlərinə görə, günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və elektrik enerjisinin ixracı üçün yeni imkanların yaradılması ölkənin enerji potensialını artırır.
Komitə sədri əlavə edib ki, rəqəmsal iqtisadiyyatın, süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin inkişafı elektrik enerjisinə tələbatı artırır. Buna görə də enerji infrastrukturunun gələcək ehtiyaclara uyğunlaşdırılması, istehsal və istehlak balansının düzgün proqnozlaşdırılması vacibdir.
S.Qurbanov Azərbaycanın 2060-cı ilədək karbon neytrallığı hədəfinə çatması üçün enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatında texnoloji yenilənmənin zəruriliyini də diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB