“2027-ci il büdcəsində müdafiə və təhlükəsizliyə 8,8 milyard manat ayrılır” - Sahib Alıyev
2027-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizliyə 8,8 milyard manat, Böyük Qayıdış proqramına isə 3,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, deputat Sahib Alıyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırkı qlobal geosiyasi gərginliklər fonunda Cənubi Qafqazda sülhün qorunması Azərbaycan dövlətinin və Azərbaycan-Türkiyə müttəfiqliyinin mühüm xidmətidir. Deputatın sözlərinə görə, bu baxımdan büdcə prioritetlərinin düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
S.Alıyev qeyd edib ki, 2027-ci il büdcəsinin əsas vəzifələrindən biri regionda mövcud geosiyasi reallığın dayanıqlılığını təmin etməkdir. Müdafiə və təhlükəsizlik, eləcə də Böyük Qayıdış istiqamətlərinə ayrılan vəsaitlər bu məqsədə xidmət edir.
Deputat Ağdaş rayonunda həllini gözləyən bir sıra yerli problemlərə də toxunub. O, rayonda səkkiz kəndi birləşdirən yolun tikintisinin və elektrik təsərrüfatının yenilənməsinin sürətləndirilməsini xahiş edib. Bildirib ki, elektrik şəbəkəsində ayrıcıların sayının artırılması bir kənddə baş verən qəzanın digər yaşayış məntəqələrində də elektrik enerjisinin kəsilməsinin qarşısını ala bilər.
S.Alıyev bəzi kəndlərdə, xüsusilə içməli su təminatı ilə bağlı problemlərin qaldığını, Ağdaş şəhəri ilə birlikdə 12 yaşayış məntəqəsində qaz çəkilməyən məhəllələrin olduğunu diqqətə çatdırıb. O, Qaradeyin kəndi istisna olmaqla, rayonun Kürqırağı kəndlərinin qazlaşdırılmasına da ehtiyac olduğunu vurğulayıb.
Deputat əlavə edib ki, Abbəs kəndində nə qaz, nə də asfalt yol var. O, gələn il bu problemlərdən ən azı birinin həllini tapacağına ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB