"Azərbaycan ilə Böyük Britaniyanın münasibətləri həmişə yüksək səviyyədə olub" - ŞƏRH
"Azərbaycan ilə Böyük Britaniyanın münasibətləri həmişə yüksək səviyyədə olub. Unutmaq lazım deyil ki, 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri Böyük Britaniya olub. Azərbaycanın iqtisadi potensialının üzə çıxarılmasında və dünya enerji bazarı ilə əlaqələndirilməsində aktiv rol oynayan ölkələrdən biri də Böyük Britaniyadır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Böyük Britaniyanın ən böyük, dünyanın isə ən böyük neft şirkətlərindən biri olan BP Azərbaycanda böyük işlər görür:
"Bu şirkət İngiltərəyə məxsusdur. BP-nin Azərbaycanda gördüyü işlər bütün neft sənayesinə təsir göstərib. Hətta Əsrin müqaviləsindən sonra, 2017-ci ildə bu müqavilənin müddətinin daha 30 il uzadılması üçün yeni bir saziş imzalandı.
Bir sözlə, Böyük Britaniya həmişə Azərbaycanın siyasi cəhətdən dəstəklənməsində də ön sıralarda olub. Baxmayaraq ki, Britaniyanın bəzi qlobal media orqanları, o cümlədən The Telegraph və digərləri Azərbaycana qarşı çox vaxt qərəzli mövqedən çıxış edirlər, Britaniyanın siyasi hakimiyyəti Azərbaycanın dövlət maraqlarına ardıcıl şəkildə hörmətlə yanaşıb.
Hətta bir faktı qeyd edim: Vətən müharibəsinin davam etdiyi günlərdə Avropanın Fransa kimi ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamə qəbul edilməsi məsələsini qaldıranda bunun əleyhinə çıxan ölkələrdən biri Böyük Britaniya olub. Yəni Böyük Britaniya faktiki olaraq müharibə günlərində Təhlükəsizlik Şurasının Azərbaycana qarşı qətnamə qəbul etməsinin qarşısını alıb.
Bu gün də Prezident İlham Əliyevin Londona son səfəri zamanı Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Beləliklə, Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərində olduğu ölkələrin sayı Britaniyanın hesabına artıb.
Bu strateji tərəfdaşlıq sazişi çox geniş əməkdaşlıq sahələrini əhatə edir. Burada müdafiə, təhlükəsizlik, ticarət, investisiyalar, humanitar-mədəni əlaqələr, rəqəmsal texnologiyaların birgə inkişaf etdirilməsi kimi çox əhəmiyyətli istiqamətlər nəzərdə tutulur.
Amma əlbəttə ki, Britaniyanın Azərbaycan iqtisadiyyatında ən əsas iştirak forması ölkənin neft-qaz sənayesinin inkişaf etdirilməsinə BP-nin və Britaniya şirkətlərinin verdiyi dəstəklə bağlıdır. Bu, mühüm rol oynayıb. Düzdür, onlar da Azərbaycanın enerji sektorundan bərabər şəkildə fayda götürüblər.
Amma bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırsa, bu nəticənin böyük bir hissəsi Azərbaycanın öz səyləri ilə bağlı olduğu halda, müəyyən hissəsi də Britaniyanın səyləri və dəstəyi sayəsində əldə olunub.
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı Qərb dövlətləri arasında hər hansı başqa bir ölkə ilə əməkdaşlıqla müqayisədə nümunə sayıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB