Texnologiyanın uşaqların və gənclərin həyatına necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

Texnologiyanın uşaqların və gənclərin həyatına necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

Müasir dövrdə telefon, kompüter və sosial şəbəkələr uşaqların və gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Rəqəmsal texnologiyalar informasiya əldə etməyi, öyrənməyi və ünsiyyət qurmağı asanlaşdırsa da, bu vasitələrdən həddindən artıq istifadə bir sıra problemləri də gündəmə gətirir. Uzun müddət ekran qarşısında qalmaq fiziki aktivliyin azalmasına, canlı ünsiyyətin zəifləməsinə, eləcə də psixoloji gərginliyə səbəb ola bilər. Xüsusilə alqoritmlərin istifadəçilərə davamlı informasiya təqdim etməsi onların düşüncə və davranışlarına təsirsiz ötüşmür.

Bəs texnologiyaların uşaqların və gənclərin həyatına təsiri hansı həddə çatıb və bu prosesin mənfi nəticələrindən necə qorunmaq mümkündür?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, artıq bir dövrdən çoxdur ki, telefon, kompüter və sosial şəbəkələr o qədər əlçatan və gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib ki, demək olar, böyüklərlə yanaşı, uşaqlar və yeniyetmələr də bu təsir altına düşüblər:

"Təəssüf ki, dərslərin internet vasitəsilə keçirilməsi, WhatsApp üzərindən müəyyən məlumatların əldə olunması və ya valideynlərin uşaqları haqqında məlumatlı olması üçün telefonlarında bu kimi funksiyaların mövcudluğu uşaqların iradələrinin hələ tam formalaşmadığı dövrə təsadüf edir. Nəticədə, uşaqlar texnologiyadan həddindən artıq istifadə etməyə başlayır və bu, sonradan asılılığa çevrilir.

Müasir texnologiyalardan istifadə edərkən uşaqlar bəzən öz davranışlarını idarə edə bilmirlər. Hətta böyüklər belə bu texnoloji vasitələrdən asılı vəziyyətə düşə bilirlər. Uşaqlar üçün isə bu, daha da çətindir.

Hətta bəzən onlardan müsahibə alarkən peşman olub-olmadıqlarını soruşduqda, əlbəttə ki, peşman olduqlarını bildirirlər. Xüsusilə də universitetə qəbul ola bilməyən uşaqlar bunu təsdiqləyirlər.

Bunun mənfi nəticələri ondan ibarətdir ki, uşaqlar demək olar ki, bütün vaxtlarını mənasız işlərə sərf edir, zamanın necə keçdiyini hiss etmirlər. İş-işdən keçəndən, gecə düşəndən sonra artıq vaxtlarını boşa keçirdiklərini anlayırlar. Beləliklə, insanda bir boşluq yaranır, hərəkətə keçməkdə çətinlik çəkir, motivasiyası azalır, asosiallaşır, aqressivləşir və yuxu rejimi pozulur. Bütün bunlar psixoloji baxımdan da onların həyatına mənfi təsir göstərir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə