Əmək məzuniyyətinin 21 günü üçün kompensasiya qadağan edilir? – Yeni dəyişiklik nələri nəzərdə tutur? - VƏKİL AÇIQLADI

Əmək məzuniyyətinin 21 günü üçün kompensasiya qadağan edilir? – Yeni dəyişiklik nələri nəzərdə tutur? - VƏKİL AÇIQLADI

Azərbaycanda əmək məzuniyyətindən istifadə etməyərək, əvəzində həmin günlərə görə pul kompensasiyası almaq istəyən işçilərlə bağlı yeni dəyişiklik təklif olunur. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin – 21 təqvim gününün kompensasiya ilə əvəzlənməsi qadağan ediləcək. Yalnız əmək müqaviləsinə xitam verilərkən qanunvericilikdə nəzərdə tutulan istisna tətbiq olunacaq. Bununla yanaşı, məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi qaydalarına da aydınlıq gətiriləcək.

Bəs, yeni dəyişiklik qüvvəyə minərsə, məzuniyyətə çıxmaq əvəzinə pul kompensasiyası almağa üstünlük verən işçilərin bu imkanı tamamilə məhdudlaşdırılacaqmı? Qərarın arxasında hansı səbəblər dayanır?

Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilərsə, işçilərin əmək məzuniyyətindən istifadə etmədən onun əvəzinə pul kompensasiyası almaq imkanı tamamilə deyil, müəyyən həddə məhdudlaşdırılacaq:

"Belə ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən nəzərdə tutulan minimum 21 təqvim günlük əsas əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsi qadağan olunacaq. Yalnız əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi istisna təşkil edəcək.

İşçinin illik əmək məzuniyyəti 30 təqvim günüdürsə, təklifə əsasən, 21 günlük minimum hissədən mütləq faktiki istifadə etməsi tələb olunacaq. Minimum müddətdən artıq olan 9 günün isə qanun layihəsində nəzərdə tutulan şərtlərlə kompensasiya edilməsi mümkün olacaq. Bu dəyişikliklərin əsas məqsədi işçilərin istirahət hüququnu formal deyil, real şəkildə təmin etmək, onların sağlamlığını qorumaq və əmək qabiliyyətinin bərpasına şərait yaratmaqdır. Eyni zamanda, Azərbaycanın əmək qanunvericiliyinin Beynəlxalq Əmək Təşkilatının 132 saylı Konvensiyasının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Məzuniyyətin başqa vaxta keçirilməsi qaydalarının dəqiqləşdirilməsi də hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılmasına xidmət edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə