Yeni çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemi tətbiq ediləcək - RƏSMİ AÇIQLAMA

Yeni çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemi tətbiq ediləcək - RƏSMİ AÇIQLAMA

Son illərdə şəhərlərdə yeni yaşayış komplekslərinin və çoxmənzilli binaların sayının artması istilik təchizatı infrastrukturunun genişləndirilməsi məsələsini gündəmə gətirir. Bu baxımdan yeni tikililərin mərkəzləşdirilmiş istilik sisteminə qoşulması və gələcəkdə həmin sistemlərin istismarının təşkili xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı SİA-nın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, 2025-ci ildə qüvvəyə minmiş “İstilik təchizatı haqqında” Qanun yeni çoxmənzilli yaşayış binalarının layihələndirilməsi zamanı istilik təchizatı ilə bağlı mühüm tələblər müəyyən edir.

Qeyd olunub ki, qanunvericiliyə əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, yeni tikilən çoxmənzilli yaşayış binalarının bütün mənzillərinin vahid istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istiliklə təmin edilməsi layihələrdə nəzərdə tutulmalıdır.

Qurumdan bildirilib ki, gələcəkdə yeni yaşayış binalarını inşa edən mənzil-tikinti kooperativləri (MTK) istilik mənbəyinin və onun istismarına xidmət göstərəcək tərəfin müəyyənləşdirilməsi ilə bağlı qərar verə biləcəklər.

Açıqlamada vurğulanıb ki, yeni tikilən binalarda qazanxanaların və istilik nasoslarının istismarı üzrə xidmətlərin göstərilməsi də mümkündür. Belə xidmətlər “Azəristiliktəchizat” ASC tərəfindən müqavilə əsasında həyata keçirilə bilər.

Qeyd edək ki, “İstilik təchizatı haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binalarının layihələrində bütün mənzillərin vahid istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istiliklə təmin edilməsi nəzərdə tutulmalıdır. Qanunla müəyyən edilmiş hallarda isə fərdi istilik sistemlərinin quraşdırılmasına da icazə verilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə