Bakıda Belçika Kral Günü münasibətilə rəsmi mərasim keçirilib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon iki ölkə arasında münasibətlərin bir çox sahələr üzrə inkişaf etdiyini deyib.
“Hökumətlərimiz regional proseslər, eləcə də bu regionda sülhə, sabitliyə və rifaha necə töhfə verə biləcəyimiz də daxil olmaqla, bir çox məsələlər üzrə müntəzəm və konstruktiv dialoq aparırlar. Bu baxımdan Belçika Azərbaycan və Ermənistan arasında normallaşma prosesini dəstəkləməkdə davam edir”, - səfir qeyd edib.
Səfir sülhün qurulması, zərərçəkmiş ərazilərin bərpası, o cümlədən minaların təmizlənməsi istiqamətində görülən işlərin, eləcə də regional inteqrasiyanın bütün Cənubi Qafqaz xalqlarına və daha geniş regiona faydalarını nümayiş etdirən konkret addımların onda böyük təəssürat yaratdığını vurğulayıb.
Julyen de Frepon 2027-ci ildə Belçikanın Bakıdakı səfirliyinin yaradılmasının 20-ci, Azərbaycan-Belçika diplomatik münasibətlərinin qurulmasının isə 35-ci ildönümünün qeyd olunacağını da bildirib.
“Belə əlamətdar tarixlər xüsusi şəkildə qeyd olunmağa layiqdir. Bunun üçün müvafiq tədbirlər keçiriləcək”, - səfir əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin direktoru Məmməd Talıbov yüksək səviyyəli təmasların münasibətlərin inkişafında xüsusi rol oynadığını deyib.
“2026-cı ilin ilk doqquz ayında ikitərəfli ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43% artması iqtisadi əlaqələrimizin əhəmiyyətli potensialını nümayiş etdirir. Belçikanın sənaye, yüksək texnologiyalar və infrastruktur təcrübəsi Azərbaycanın nəqliyyat, logistika və iqtisadi inkişaf sahələrindəki imkanları ilə birləşərək tərəfdaşlığımız üçün yeni perspektivlər yaradır”, - Məmməd Talıbov qeyd edib.
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB