"Yağların sağlam qidalanmada rolu və keyfiyyətli yağ seçiminin əhəmiyyəti" - QİDA MÜTƏXƏSSİSİ

"Yağların sağlam qidalanmada rolu və keyfiyyətli yağ seçiminin əhəmiyyəti" - QİDA MÜTƏXƏSSİSİ

"Yağların tərkibində A, D, E və K vitaminləri kimi orqanizm üçün vacib olan yağda həll olan vitaminlər mövcuddur. Bu vitaminlər sağlamlığın qorunmasında, hormon sisteminin normal fəaliyyətində, hüceyrələrin və beynin sağlamlığında, immun sisteminin dəstəklənməsində mühüm rol oynayır".

Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, yağlar həmçinin orqanizmin bəzi vitaminləri mənimsəməsi üçün vacibdir:

"Yağların tərkibində omeqa-3, omeqa-6 və omeqa-9 yağ turşuları da olur. Xüsusilə bitki yağları doymamış yağ turşularının mənbəyi hesab edilir. Bu maddələr orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətlidir.

Buna görə də yağ alarkən onun keyfiyyətinə, mənşəyinə və istehsal şəraitinə diqqət yetirmək lazımdır. Mənbəyi məlum olmayan, keyfiyyətsiz xammaldan hazırlanan və düzgün emal edilməyən yağların istifadəsi sağlamlıq baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər. Xüsusilə yağın yüksək temperaturda və uyğun olmayan texnologiya ilə emal edilməsi onun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Yağ seçərkən yalnız qiymətə əsaslanmaq düzgün deyil. Keyfiyyətli xammaldan, etibarlı istehsal prosesindən istifadə olunması mühüm şərtdir. Uzun müddət doymuş yağlarla zəngin qidaların və trans yağlar ehtiva edən məhsulların həddindən artıq istifadəsi ürək-damar xəstəlikləri riskini artıra bilər. Bu baxımdan marqarin və digər sənaye üsulu ilə hazırlanmış yağ məhsullarının tərkibinə xüsusi diqqət yetirilməlidir.

Sağlam qidalanmada yağların növü və miqdarı mühüm əhəmiyyət daşıyır. Doymamış yağ turşuları ilə zəngin yağların seçilməsi, doymuş və trans yağların isə məhdudlaşdırılması tövsiyə olunur. Xüsusilə uşaqların və yeniyetmələrin inkişaf dövründə, eləcə də xroniki xəstəlikləri olan insanların qidalanmasında yağ seçiminə diqqət yetirilməlidir. Ürək-damar və qaraciyər xəstəlikləri olan şəxslər isə fərdi qidalanma tövsiyələri almaq üçün həkimə müraciət etməlidirlər.

Sağlam alternativlərə gəldikdə, salatlarda soyuq sıxım zeytun yağından istifadə etmək olar. Yeməklərin hazırlanmasında isə keyfiyyətli zeytun və günəbaxan yağları uyğun seçimlərdir. Kərə yağı da qidalanmada müəyyən yer tuta bilər, lakin onun tərkibində doymuş yağların çox olduğunu nəzərə alaraq miqdarına diqqət yetirilməlidir. Hindqozu yağı və qara zirə yağı kimi məhsullar da istifadə olunur, lakin onların hər birinin sağlamlıq baxımından təsiri və qidalanmadakı yeri fərqlidir.

Gündəlik yağ ehtiyacı insanın yaşından, enerji tələbatından, fiziki aktivliyindən və sağlamlıq vəziyyətindən asılıdır. Buna görə də hamı üçün gündə 25 qram yağ qəbulunun kifayət etdiyini söyləmək düzgün olmaz. Əsas məsələ yağları tamamilə rasiondan çıxarmaq deyil, keyfiyyətli yağları düzgün miqdarda və balanslı şəkildə qəbul etməkdir.

Nəticə etibarilə, yağlar orqanizmin normal fəaliyyəti üçün vacib qida maddələridir. Lakin onların faydası seçilən yağın növündən, keyfiyyətindən və qəbul edilən miqdarından asılıdır. Sağlam qidalanma üçün keyfiyyətli, tərkibi məlum olan yağlara üstünlük vermək və trans yağlarla zəngin məhsulların istifadəsini məhdudlaşdırmaq tövsiyə olunur".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə