"YAP-ın təsis edilməsi ölkənin gələcək inkişafı üçün mühüm siyasi hadisə oldu" - POLİTOLOQ

"YAP-ın təsis edilməsi ölkənin gələcək inkişafı üçün mühüm siyasi hadisə oldu" - POLİTOLOQ

"Yeni Azərbaycan Partiyasının yaranması müasir Azərbaycan siyasi tarixinin ən mühüm hadisələrindən biridir. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi, dövlətçiliyin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə meydana çıxdı. Partiyanın yaranması cəmiyyətdə siyasi sabitliyə, güclü dövlət idarəçiliyinə və milli maraqları əsas götürən yeni siyasi xəttə ehtiyacın ifadəsi idi".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, partiyanın yaradılmasının tarixi əhəmiyyəti onun banisi, Ulu Öndər Heydər Əliyevin siyasi liderliyi ilə birbaşa bağlıdır. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi nüfuzu və xalq arasında böyük etimadı Azərbaycanın gələcək inkişafı üçün mühüm ümid mənbəyinə çevrilmişdi. Yeni Azərbaycan Partiyası bu etimadın siyasi təşkilatlanma formasında təzahürü kimi tarixə düşdü:

"Sonrakı hadisələr YAP-ın yaranmasının nə qədər mühüm siyasi qərar olduğunu göstərdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ölkədə ictimai-siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin gücləndirilməsi istiqamətində fundamental addımlar atıldı.

Yeni Azərbaycan Partiyasının siyasi tarixində mühüm mərhələlərdən biri də Prezident İlham Əliyevin rəhbərliyi dövrüdür. 2005-ci il martın 26-da partiyanın Sədri seçilən cənab İlham Əliyev YAP-ın fəaliyyətində yeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlət idarəçiliyində modernləşmə, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi bu siyasi kursun mühüm istiqamətlərinə çevrildi.

Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yoluna nəzər salarkən YAP-ın ölkənin siyasi həyatındakı rolunu ayrıca qiymətləndirmək lazımdır. Enerji strategiyasının reallaşdırılması, böyük infrastruktur layihələrinin həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, müdafiə qüdrətinin artırılması və nəhayət, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən tarixi proseslər müasir Azərbaycan dövlətçiliyinin mühüm nailiyyətləridir. Bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs dayanır.

YAP-ın gücü onun tarixi irsində, təşkilatlanma imkanlarında, geniş sosial bazasında və dövlətçilik ideallarına bağlılığındadır. Müasir dövrdə siyasi partiyaların qarşısında dayanan əsas vəzifələrdən biri dəyişən dünyanın çağırışlarına uyğunlaşmaq, yeni nəsillə daha fəal işləmək, cəmiyyətin gözləntilərini siyasi gündəliyə çevirməkdir. Yeni Azərbaycan Partiyasının gələcək inkişafı da bu istiqamətlərdə fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlıdır.

21 noyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 34 ili tamam olur. Bu tarix bir siyasi təşkilatın yubileyindən daha geniş məna daşıyır. Bu, müstəqil Azərbaycanın çətinliklərdən tərəqqiyə, siyasi böhrandan sabitliyə, torpaq itkisi ağrısından tarixi Zəfərə uzanan yolunun mühüm siyasi səhifələrindən biridir.

Yeni Azərbaycan Partiyası dünənin tarixi təcrübəsini, bugünün siyasi məsuliyyətini və gələcəyin inkişaf hədəflərini özündə birləşdirən təşkilatdır. Onun yaranmasına səbəb olan dövlətçilik idealları Ulu Öndər Heydər Əliyevin siyasi irsinin mühüm tərkib hissəsidir və bu gün də Azərbaycanın milli maraqlarının, müstəqilliyinin və qüdrətinin qorunması baxımından öz aktuallığını saxlayır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə