“Yeni Azərbaycan Partiyası 34 ildə dövlətçilik və tarixi Zəfər yolu keçib” -DEPUTAT DANIŞDI

“Yeni Azərbaycan Partiyası 34 ildə dövlətçilik və tarixi Zəfər yolu keçib” -DEPUTAT DANIŞDI

“Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 34 il ötür. Partiyanın tarixi müstəqil Azərbaycanın tarixi ilə sıx bağlıdır. Müstəqilliyin ilk illəri ölkə üçün asan olmadı. Qarabağda müharibə gedirdi. 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Partiya tərəfdarları həmin dövrü siyasi sistemin zəif olduğu və dövlət idarəçiliyində qeyri-sabitliyin hökm sürdüyü illər kimi xatırlayır”.
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, İlham Əliyev 2013-cü ildə partiyanın qurultayında demişdi ki, YAP-ın yaradılması xalqda böyük ümidlər doğurmuşdu və bu, ölkədə siyasi sistemin formalaşması demək idi:

“Partiyanın yaranması ziyalıların təşəbbüsü ilə başladı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə müraciət etdi və ondan partiyaya rəhbərlik etməsini xahiş etdi. Həmin vaxt o, Naxçıvan Ali Məclisinin sədri idi. Heydər Əliyev oktyabrın 24-də cavab məktubu göndərərək razılıq verdi.

Təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul olundu, Heydər Əliyev isə yekdilliklə sədr seçildi.

Partiyanın adı onun əsas ideyasını əks etdirirdi. Ulu Öndər Heydər Əliyevin sözləri ilə, müstəqil Azərbaycan yeni Azərbaycandır.

1993-cü ilin yayında Heydər Əliyev xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçildi. Ölkə başçısı bu ilin oktyabrında partiyanın qurultayında da bu mövzuya toxunub. O, Heydər Əliyevin hakimiyyətə qayıtmasının xalqın tələbi olduğunu bildirib.

Partiyanın proqramında əsas hədəflər aydın göstərilmişdi. Bunlar dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi və dünyəvi cəmiyyət quruculuğu idi.

Bu illərdə ölkədə sabitlik yarandı. 1994-cü ildə atəşkəs əldə olundu. Həmin il imzalanan “Əsrin müqaviləsi” neft strategiyasının əsasını qoydu. 1995-ci ildə ilk Konstitusiya qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının əsasını güclü dövlət, milli birlik, siyasi sabitlik və iqtisadi müstəqillik prinsipləri təşkil edirdi. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın dövlət institutları möhkəmləndirildi, beynəlxalq əlaqələri genişləndirildi və ölkənin uzunmüddətli inkişafının iqtisadi təməli yaradıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bu strategiyanın ən mühüm iqtisadi-siyasi nəticələrindən biri kimi Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirdi.

2003-cü ildən İlham Əliyev ölkənin prezidentidir. 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının sədridir. Bu dövrdə iri enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri həyata keçirildi. Yeni yollar çəkildi, regionların inkişafı üçün dövlət proqramları qəbul edildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi kurs Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoydu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpası bu siyasətin ən mühüm nəticələri sırasında yer aldı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni geosiyasi reallıqlar şəraitində davam etdirildi.

YAP-ın VIII Qurultayı bu il oktyabrın 2-də Bakıda keçirildi. Dövlət başçısı çıxışında partiyanın indiki mövqeyini belə qiymətləndirdi: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.

Prezident İlham Əliyev vurğuladı ki, partiya otuz ildən çoxdur iqtidardadır. O, ölkənin son illərdəki uğurlu yolunda partiya fəallarının böyük payı olduğunu qeyd etdi. Çıxışın digər mühüm mövzusu hərbi qələbələr idi. Prezident bildirdi ki, Azərbaycan bu qələbələri öz imkanları ilə qazanıb. Qurultayda ideoloji təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirildi.

Çıxışdan sonra ölkənin müxtəlif rayonlarında partiya təşkilatları onun mesajlarını müzakirə etdi. Bu müzakirələr indi də davam edir.

1992-ci ildə 91 ziyalının “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciətlə başlanan yol bu gün də davam edir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi, əslində, müstəqil Azərbaycanın siyasi inkişafının, dövlətçilik ənənələrinin möhkəmlənməsinin və milli hədəflərə doğru irəliləyişinin tarixidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə davam etdirilir. Yubiley yalnız keçilmiş yolun xatırlanması deyil, həm də əldə olunmuş nailiyyətlərin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli fürsətdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə