“Azərbaycanın Avropa ilə əlaqələri enerji və iqtisadiyyatdan kənar strateji məzmun alır” - ŞƏRH
“Dublində keçirilən Avropa Siyasi Birliyinin IX sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi və iqtisadi münasibətlərinin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər. Tədbirdə Prezident İlham Əliyevin iştirakı və keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın Avropanın siyasi gündəliyində artan iştirakını nümayiş etdirdi”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Dublin sammitinin Azərbaycan baxımından diqqətəlayiq nəticələrindən biri Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasıdır. Məlumdur ki, sənəd müdafiə və təhlükəsizlik, ticarət, investisiyalar, nəqliyyat infrastrukturu, bərpaolunan enerji, təhsil və innovasiya kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur:
”Bu razılaşma Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin təkcə enerji və iqtisadiyyatla məhdudlaşmadığını, daha geniş strateji məzmun aldığını göstərir.
Digər mühüm məqam Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdür. Tərəflərin sülh gündəliyi, nəqliyyat-kommunikasiya əlaqələri, ticarət və TRIPP layihəsinin perspektivlərini müzakirə etməsi Cənubi Qafqazda normallaşma prosesinin praktiki iqtisadi əməkdaşlıq müstəvisinə keçməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan qazının Avropaya ixracının artırılması, Orta Dəhlizin inkişafı və yaşıl enerji layihələri ilə bağlı müzakirələr ölkəmizin Avropanın enerji və nəqliyyat təhlükəsizliyindəki rolunu bir daha gündəmə gətirdi.
2028-ci ildə Avropa Siyasi Birliyinin XII sammitinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar isə Dublin görüşünün ən mühüm uzunmüddətli siyasi nəticələrindən biridir. Bu qərar Azərbaycanın Avropa ölkələri ilə dialoq platformasında daha fəal rol oynaması üçün əlavə imkanlar yaradacaq. Təxminən 50 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi bu formatın Bakıda təşkili ölkəmizə müxtəlif siyasi mövqeləri təmsil edən dövlətlərlə birbaşa təmasları genişləndirmək, regional məsələlərə dair öz yanaşmalarını təqdim etmək və beynəlxalq əməkdaşlıq təşəbbüslərini irəli sürmək imkanı verəcək.
Bakının sammitə ev sahibliyi etməsi həm də Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsinin və regional diplomatik əhəmiyyətinin nümayişi olacaq. Xüsusilə Avropanın enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı və Cənubi Qafqazda davamlı sülh məsələlərinin gündəmdə olduğu bir vaxtda belə bir tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bakı bu platformadan istifadə etməklə Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Orta Dəhlizə investisiyaların artırılması və regional kommunikasiyaların açılması istiqamətində yeni təşəbbüslər irəli sürə bilər.
Beləliklə deyə bilərik ki, Dublin sammitinin nəticələri və 2028-ci ildə Bakıda keçiriləcək növbəti sammit Azərbaycanın Avropa ilə münasibətlərində yeni diplomatik mərhələnin formalaşması üçün zəmin yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB