"Milli dirçəlişin real dövlətçilik nəticələrinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub" - DEPUTAT

"Milli dirçəlişin real dövlətçilik nəticələrinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub" - DEPUTAT

- 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərkinin, azadlıq iradəsinin və dövlətçilik düşüncəsinin formalaşmasında mühüm tarixi mərhələdir. Bu hadisə xalqımızın öz taleyinə sahib çıxmaq və müstəqil dövlət qurmaq əzminin ümumxalq hərəkatına çevrildiyini nümayiş etdirdi".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Deputat bildirib ki, 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində ermənilərin qanunsuz tikinti işləri aparmaq məqsədilə ağacları kəsməyə başlaması və bu barədə məlumatların mətbuatda yayılması Azərbaycan cəmiyyətində böyük etiraz doğurdu:

"Dekabrın 4-dək davam edən, 18 gün ərzində fasiləsiz xarakter alan mitinqlər artıq konkret bir hadisəyə etiraz çərçivəsindən çıxaraq milli azadlıq və müstəqillik uğrunda mübarizənin ümumxalq ifadəsinə çevrildi.

Bu tarixi prosesin daha dərindən öyrənilməli olan mühüm tərəfləri var. Milli dirçəlişin real dövlətçilik nəticələrinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndər hələ sovet hakimiyyəti illərində Azərbaycanda milli kimliyin, dilin, mədəniyyətin və tarixi yaddaşın qorunmasına xüsusi önəm verirdi. Onun rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin inkişafı, Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi və milli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər sonrakı milli oyanış üçün də mühüm zəmin yaratmışdı. Ulu Öndər Heydər Əliyev xalqımızın milli maraqlarını və dövlətçilik ənənələrini hər zaman üstün tuturdu. 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin keçirilən sessiyası isə milli dövlətçilik tariximizdə xüsusi yer tutur. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verildi və onun bütün Azərbaycanda dövlət rəmzi kimi tanınması üçün respublika Ali Soveti qarşısında vəsatət qaldırıldı. Bu, sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə atılmış son dərəcə əhəmiyyətli siyasi addım idi. Ümummilli lider Heydər Əliyev bununla milli azadlıq ideyasını konkret siyasi qərarla ifadə etdi, gələcək müstəqil dövlətin rəmzlərinin bərpasına real töhfə verdi. 1988-ci ildə Azadlıq meydanında başlanan milli oyanışın siyasi məzmun qazanmasında, dövlətçilik rəmzlərimizin bərpasında və müstəqillik ideyasının konkret addımlarla möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu tarixi əhəmiyyət daşıyır. Onun 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı isə müstəqilliyimizin qorunması baxımından həlledici mərhələ oldu. Həmin dövrdə ölkə parçalanmaq, dövlətçilik isə məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Ulu Öndər siyasi sabitliyi təmin etməklə, dövlət institutlarını möhkəmləndirməklə və Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirməklə müstəqilliyin dönməz xarakter almasına nail oldu. Bu gün həmin tarixi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının uzun illər arzuladığı tarixi məqsədlərin reallaşması oldu. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı müstəqilliyimizin real nəticələrini nümayiş etdirir. Beləliklə, vaxtilə milli azadlıq və torpaqlarımızın müdafiəsi tələbi ilə meydanlara çıxan xalqımız bu gün ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü dövlətin vətəndaşlarıdır.

Gənclərin Milli Dirçəliş Gününün əhəmiyyətini dərindən dərk etməsində əsas məsələ tarixi hadisələri sadəcə xronoloji ardıcıllıqla öyrənmək deyil, onların mahiyyətini və nəticələrini düzgün anlamaqdır. Müstəqillik yalnız keçmişin tarixi nailiyyəti deyil, həm də hər bir nəslin qorumalı və inkişaf etdirməli olduğu milli sərvətdir. Milli Dirçəliş Gününün bugünkü nəsil üçün əsas dərsi milli birliyin, dövlətə bağlılığın, tarixi yaddaşın və müstəqil siyasi iradənin əhəmiyyətidir. 1988-ci ilin noyabrında xalqımızın meydanlarda nümayiş etdirdiyi birlik və azadlıq əzmi, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nəticələr vahid bir inkişaf xəttinin mərhələləridir. Bu xəttin mahiyyətində isə müstəqil, suveren və güclü Azərbaycan ideyası dayanır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə