“Turizm potensialından səmərəli istifadə büdcə gəlirlərini artıra bilər“ -FAZİL MUSTAFA
Azərbaycanın qeyri-neft sektorunda mövcud potensialının düzgün qiymətləndirilməsi və səmərəli istifadəsi dövlət büdcəsinin gəlirlərinin artırılması üçün mühüm imkanlar yaradır. Xüsusilə turizm sektorunun inkişafı, kənd təsərrüfatına dəstək və vergi güzəştlərinin düzgün tətbiqi iqtisadi fəallığın yüksəldilməsinə xidmət edə bilər. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi də əhəmiyyətlidir.
SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, turizm sahəsində Azərbaycanın imkanlarından səmərəli istifadə olunarsa, Gürcüstan və Türkiyə kimi ölkələrin təcrübəsindən yararlanmaqla dövlət büdcəsinin gəlirlərini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində vergi güzəştlərinin tətbiqi də bu sektorun inkişafına müsbət təsir göstərə bilər. Xüsusilə qanun layihəsində nəzərdə tutulan güzəştlərin istehsalın genişləndirilməsinə və sahibkarların fəaliyyətinin stimullaşdırılmasına xidmət etməsi vacibdir.
Fazil Mustafa vurğulayıb ki, iqtisadi potensialın düzgün müəyyənləşdirilməsi və mövcud imkanlardan səmərəli istifadə dövlət büdcəsinin maliyyə imkanlarını genişləndirə bilər. Bununla yanaşı, əldə olunan iqtisadi nəticələr əhalinin sosial rifahının yüksəldilməsinə, sosial müavinətlərin təminatına və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına da töhfə verə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB